KLASSIK IRSIMIZIN”NADIREYI ZƏMANƏSI-FATMA XANIM KƏMINƏ

Ədəbiyyat

(MM in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın yazısın təqdim edirik)

Klassik irsimizin görkəmli nümayəndələrindən olan Fatma xanım Kəminə (1841-1898) XIX yüzil Azərbaycan ədəbiyyatında özünəxas yerə sahib xanım şairlərdəndir. Onun adı Aşıq Pəri, Xurşidbanu Natəvandan sonra üçüncü Qarabağ şairi kimi ehtiramla yad edilir. Bu günümüzə gəlib çatan 500-ə yaxın şeiri, qəzəli onun Azərbaycan ədəbiyyatında önəmli yer tutan təkrarolunmaz qadın şairlərimizdən biri olduğunu təsdiqləyir. Dövrünün ünlü şairlərindən olan Fatma xanım Kəminənin yaradıcılığının böyük bir qismi və özəlliklə həyatı barədə elmə bəlli bilgilər azlıq təşkil edır.
Lakin XIX yüzil təzkirəçilərinin kitablarında Fatma xanımın şeirlərinin və özkeçmişinin verilməsi, yaradıcılığından ədəbiyyat tariximizin önəmli bir səhifəsi kimi sayğı ilə söz açılması göstərir ki, o, öz dövründə yetərincə tanınan, söz əhli tərəfindən yüksək dəyərləndirilən sənətkar olub. Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” kitabına Fatma xanımın şeirlərini daxil etmiş, şairin yığcam özkeçmişini nəzərə çatdırmışdı. XIX yzildə yaşayıb-yaradan Firudin bəy Köçərli ədəbiyyat tarixçiliyimizin təməlini qoyduğu “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı əsərində Azərbaycanın dahi klassikləri ilə yanaşı bu Qarabağlı qadın şairin yaradıcılığına da yer ayırmışdır. Firudin bəy Köçərli onun bədii irsini yüksək dəyərləndirərək, Fatma xanım Kəminəni “Nadireyi-zəmanə”, “Qarabağın üçüncü şaireyi-möhtərəməsi” adlandırmışdı. Ümumiyyətlə, bir sıra Qarabağ təzkirəçiləri öz əsərlərində Fatma xanım Kəminədən söz açmışdır, bu da onu göstərir ki, çağdaşları şairin yaradıcılığına özəl diqqətlə yanaşmışdır.
Fatma xanım Kəminənin AMEA Əlyazmalar İnstitutunda qorunan bəzi şeirləri, əlyazmaları klassik irsimizin dəyərli örnəkləri kimi diqqətəlayiqdir. Bir sıra Qarabağ şairlərinə yazdığı məktublar, nəzirələr də önəmli əlyazmalar olaraq qorunub saxlanır.
Fatma xanım Kəminə 1841-ci ildə Şuşa şəhərində, öz dövrünün hörmətli şəxslərindən biri olan Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin ailəsində dünyaya göz açmışdır. Kiçik yaşlarından ağıl və dərrakəsi ilə yaşıdlarından seçilən, gəncliyində zərifliyi, gözəlliyi ilə diqqəti cəlb edən Fatma xanım yaşından irəli gedən dünyagörüşü, ağlı və müdrikliyi ilə onu tanıyanların ehtiramını qazanmışdır. Onun çağdaşları tərəfindən tanınıb sevilməsində, ehtiram görməsində bədii yaradıclığı ilə yanaşı, bu keyfiyyətlərin də önəmli rolu olmuşdur.
İlk təhsilini Şuşada alan Fatma xanım, fars dilini ana dili səviyyəsində bilmişd, dövrünün elmi kitablarını oxumaq, elmlərə yiyələnmək imkanı olmuşdur. Eləcə də şeirlərini Azərbaycan və fars dillərində yazmışdır. Şuşa əhli dövrün savadlı qadınlarından biri kimi ona “Mirzə Fatimə xanım” deyə xüsusi sayğı ilə müraciət etmiş, şəxsiyyətinə rəğbət bildirmişdir. Onun İstanbulda 5 il təhsil aldığını göstərən Əzizə Cəfərzadə bir vaxtlar şairin nəticələri ilə görüşmüş, onların söhbətlərinə əsasən bu nəcib şairin mehriban, əliaçıq və qayğıkeş bir insan olduğunu yazmışdır.
Elmi qaynaqlarda zəmanəsinin böyük irfan əhli kimi səciyyələndirilən Fatma xanım Kəminə ədəbiyyat, mədəniyyət iqlimi olan, tez-tez şeir məclisləri təşkil edilən bir evdə böyüyüb. Onun atası və əmisi Yəhya bəy din xadimi olmaqla yanaşı, həm də şair idilər. Atası Mirzə Bəybaba “Fəna” təxəllüsü ilə şeirlər yazmış, zəmanəsinin tanınmış şairi olmuşdu. Belə bir mühitdə dünyagörüşü inkişaf edən Fatma xanım, şeirə, sənətə erkən yaşlarından sevgi bəsləmişdir. Şairin lirik aşiqanə nəğmələri sonralar oxucunu dərindən düşündürən fəlsəfəsi ilə diqqəti cəlb etmiş, şeirlərinə irfani dünyagörüşün təsiri bu poeziya incilərini daha çox sevdirmişdir. Sufizm düşüncəsi Fatma xanım Kəminə şeirlərinin ruhuna hopmuşdur.
Fatma xanım Kəminə klassik şeir şəkillərinin bütün incəliklərinə bələd idi. Onun bu janrda yazdığı əsərləri şairin əruzşünaslığa dərindən bələd olduğunu təsdiqləyir. Məmmədağa Sultanov şairin fars dilində qəzəllərini Azərbaycan dilinə çevirərkən müəllifin bu dilə dərindən bələd olması ilə yanaşı, əruz elmini mükəmməl bildiyini də müşahidə edərək yazmışdır: “Buna görə də yazdığı saqinamə və qəzəllərinin əksəriyyəti bir çox fars şairlərinin əsərlərindən üstündür”.
Dövrün poetik ruhu əruzla “nəfəs alsa da”, şairin xalq şeiri vəzni olan hecada da gözəl örnəklər yaratdığı haqqında təzkirələrdə müəyyən bilgilər öz əksini tapmışdır. Öz dövründə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazan Fatma xanımın həmin əsərlərinin çox az qismi bu günümüzə gəlib çatmışdır.
Fatma xanım Kəminənin şeirlərinin sayı Mir Möhsün Nəvvabın təzkirəsində 400, Firudin bəy Köçərlinin tədqiqatında 500 olaraq göstərilir. Bəllidir ki, XIX yüzilin poetik mənzərəsi daha çox ədəbi məclislərin fəaliyyəti ilə dolğun görünür. Ədəbi məclislərin ən məhsuldar olduğu bu yüzillikdə Azərbaycanın müxtəlif bölgələrində “Divani-hikmət”, “Gülüstan”, “Əncüməni-şüəra”, “Qönçeyi-ülfət”, “Fövcül-füsəha”, “Məclisi-üns”, “Beytüs-səfa”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra”, “Pərvanə” ədəbi məclisləri bir çox görkəmli şairlərin yetişməsində və bütövlükdə Azərbaycan şeirinin inkişafında son dərəcə önəmli rol oynamışdır. Bunlardan ikisi, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan qıraqda da çox ün qazanmışdır. Fatma xanım Kəminə bu məclislərin ikisi ilə də yaxın əlaqə saxlamışdır. O, Şuşada Mir Möhsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”ın ən fəal iştirakçılarından biri idi. Həmçinin Natəvanın rəhbərlik etdiyi “Məclisi-üns” ədəbi məclisinin üzvləri ilə ədəbi dostluq münasibətləri olmuş, onlarla şeirləşmişdir.
Fatma xanım Kəminənin yaşadığı dövrdə əsərləri dillər əzbəri olmuş, xalq sevgisini qazanmışdı. Lakin XIX yüzilin görkəmli ədəbi simaları sırasında adı sayğı ilə çəkilən bu şairin əsərləri hələ də tam şəkildə çap edilməmiş, demək olar, onun şeirlərinin çoxu əski əlifbadan transliterasiya edilərək oxuculara çatdırılmamışdır. Görkəmli yazıçımız Əzizə Cəfərzadənin 1971-ci ildə toplayıb nəşr etdirdiyi “Fatma Xanım Kəminə” (“Gənclik” nəşriyyatı, Bakı, 1971) kitabı şairin bədii irsini Azərbaycan oxucusuna təqdim edən yeganə mənbə sayılır. Broşür formatında nəşr edilən həmin kitabçada şairin bir neçə qəzəl, qitə və qoşması, həmçinin ona həsr edilən şeirlərdən örnəklər verilib. XIX yüzil ədəbiyyatından bəhs edən tədqiqatlarda, həmçinin aşıq və şair qadınlardan söz açan kitablarda Fatma xanım haqqında fikirlərlə birlikdə, şairin yaradıclığından poetik parçalar da yer alıb. Lakin şairin əldə olan yaradıcılıq örnəklərinin bütöv halda toplanıb nəşr edilməsinə ciddi ehtiyac vardır.
Fatma xanım Kəminə 56 yaşında dünyadan köçmüşdür. 1898-ci ilin sentyabrında Şuşada həyatla vidalaşan şairin vəfatı dərin bir hüzn doğurmuşdur. Şairin vəfatı xəbəri nəinki doğulub boya-başa çatdığı Şuşada, bütün Qarabağda şair və maarifpərvər ziyalılar tərəfindən kədərlə qarşılanmışdır. Firudin bəy Köçərli Azərbaycan ədəbiyyatında özünəxas yeri olan Fatma xanım Kəminənin ölümünü ağır itki kimi dəyərləndirmişdi. O, yazırdı: “Zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayimə və xoşrəftar bir nadireyi-zəmanə idi ki, onun vəfatı cümlə-şüəranü üzrəfayi-Qarabağda böyük bir yas oldu”.
Artıq vurğuladığımız kimi, Fatma xanımın mənsub olduğu ailə qələm əhli idi. İstər ata nəslinin, istərsə də ər qohum-əqrəbasının güzəranı qələmə bağlı olmuş, çoxu mirzə, katib, dilmanc işləmişdi. Əzizə Cəfərzadə yazırdı: “Onlardan bir neçə hərbçi zabitlər yetişmişdirsə də, əksəriyyəti ziyalıdır. Bu ziyalılar, zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdılar. Kəminənin qayınlarından Hacı bəy Sultanov Türkmənistanda, Fərəc bəy Sultanov Qafqazda azadlıq uğrunda mübarizə aparan insanlar kimi tanınmışlar. Həyat yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə indiki Füzuli rayonunun Saracıq kəndindən idi. Onların Əşrəf bəy və Rəşid bəy adlı iki oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub. Bu nəslə mənsub olan övladların çoxu öz işləri və əməlləri ilə həmişə seçilən məşhur simalar kimi tanınıb. Hətta sonralar nəsildə Kəminə adlı cavan bir pöhrə də böyüyüb (şairin kötücəsi). Vaxtilə “Pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləmiş Leonid Tahirov, respublikamızın uzun illər xarici işlər naziri olmuş Tahirə Tahirova məhz Fatimə xanım Kəminənin şəcərəsinə mənsubdur”.
XIX yüzildə Qarabağda yaşayıb-yaradan şairlərin ən çox müraciət etdiyi qəzəl janrı olmuşdur. Hətta şairlərin məktublaşmalarında da bu janra üstünlük verildiyi müşahidə olunur. Klassik ədəbiyyatın simvollaşan bu janrında uğurlu örnəklər yarada bilənlər söz sənətinə “vəsiqə alırdı”. Fatma xanım Kəminə də çağdaşları kimi əsasən qəzəl janrında yazıb-yaratmışdır. Qəzəllərinin əsas mövzusu ülvi məhəbbət, saf, təmiz, təmənnasız eşqin gözəlliyi idi.
Klassik şeir şəkillərindən qəzəl janrı əsasən kədər motivi, dərd-qəm, aşiqin göz yaşları və s. pessimist duyğularla yüklənən bir janrdır; lakin Fatma xanım bu janrda da oxucuya ümid, inam aşılaya bilirdi. Fatma xanım Kəminənin yaradıcılığını çağdaşlarından fərqləndirən başlıca cəhət şeirlərinin nikbin ruhu ilə bağlı idi. O, ən kədərli mövzuda belə yazsa, əsərlərində bir ümid işığı, inam çaları vardı. Bu özəllik Fatma xanımın şeirlərinə qarşı daha böyük maraq yaradırdı.
Qaynaqlardan bəllidir ki, Fatma xanım Kəminə çağdaşı Xurşidbanu Natəvanla çox yaxın rəfiqə olmuş, bu dostluğun təməlinin qoyulmasında onların sıx ədəbi ünsiyyəti, “Məclisi-üns”də bir araya gəlmələri də önəmli rol oynamışdı. Qarabağ ədəbi mühitinin bu iki görkəmli şairi bir-birinə nəzirələr, qəzəl janrında məktublar da yazmışdır. Xurşidbanu Natəvanın yüksək zövqünə, gözəlliyinə, kübarlığına valeh olan Fatma xanım Kəminə şairə ünvanladığı qəzəllərinin birində yazırdı:
Cana, bu nə cadudur, qaşu göz arasında,
Nitqim tutulur görcək hərdəm, söz arasında.
Gər nə görsə Züleyxavu Yusif səni bəzmində,
Məbhut qalar onlar yüz min qız arasında.

Natəvanın oğlu vəfat edəndə Fatma xanım yaralı ananın dərdli qəlbinə məlhəm şeirlər yazaraq rəfiqəsinin, sənət həmkarının qəmini bölüşmüşdür. Həmin şeirlər Natəvanın özünün bu müsibətə həsr etdiyi şeirlər qədər insanın qəlbini göynədir:
Natəvanın gözünün nuru Abbas almadı kam,
Bircə an olmadı rahət, ömürü oldu tamam.
Çox təəssüf ki, pənah bürcünü Ay tərk elədi,
Möhnət üz verdi seyid nəslinə bir nəhs axşam…

Fatma xanım şifahi xalq yaradıcılığı janrlarında da şeirlər yazmışdır. Onun dillər əzbəri olan və çoxlarının müəllifinin adını bilmədiyi bir qoşması hamıya tanışdır:
Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrin-bəhrin görməsin,
Mən fəqirin naləsi var dalınca.

…Şikar olub əldən ələ düşməsin,
Qurulmuş torlara, felə düşməsin,
Yaman gözə, yaman dilə düşməsin,
Qan ağlaram qürbət eldə qalınca.

Xəstə Qasımın “Ay ariflər” müraciəti ilə başlayan şeirinə nəzirə kimi yazılan bu qoşma bir daha təsdiqləyir ki, Fatma xanım Kəminə folklor janrında da öz sənətkar sözünü deyə bilmişdir.
Dövrünün tanınmış sənətkarlarından biri kimi böyük sayğı sahibi olduğundan, yaradıcılığına və şəxsiyyətinə rəğbət bəsləyən bir çox müəlliflər hələ sağlığında ona çoxlu şeir, qəzəllər həsr etmişlər. Özəlliklə də qadın şairlər Kəminəni özlərinə bir ustad, müəllim hesab ediblər. Ərdəbilli Mustafa xanın qızı Ziba xanım Ləli, Qəmər bəyim və başqaları Şuşalı şair xanımı vəsf edən qəzəllər yazıb. 36 misradan ibarət olan bir mənzum məktubda Şaxis təxəllüslü bir şair öz çağdaşı Kəminə xanımın kasıblara əl tutan, böyük ürəyə sahib, insanpərvər olduğunu dilə gətirərək yazırdı:
Mehri-lütfün füqəranın başına sayə salıb,
Əzhəri-şəmsidi bu, mən necə inkar qılım?!

Firudin bəy Köçərlinin də yazdığı kimi, Fatma xanım Kəminənin zahiri gözəlliyi ilə daxili aləminin zənginliyi bir vəhdət təşkil etmiş, uca mənəviyyatı, pak əxlaqı, işıqlı siması ilə qazandığı sevgi sayəsində onun əsərləri dövrünün bir çox tanınmış şairlərinin əsərlərindən üstün tutulmuşdur. Yaradıcılığının çağlayan bir dövründə həyata vida edən, iflic xəstəliyindən qəfil vəfat edən şairin 56 illik ömür xronikasının ən mükəmməl təsviri isə onun qəzəl, qitə və qoşmalarında öz bədii əksini tapmış, müəllifinə ədədiyaşarlıq qazandırmışdır.
RUHU ŞAD OLSUN!

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir