
Bakı. Trend:
Azərbaycanın iqtisadi siyasətində qeyri-neft-qaz sektorunun
inkişafı və ixracın şaxələndirilməsi prioritet istiqamətlərdəndir.
Son illər həyata keçirilən islahatlar nəticəsində qeyri-neft-qaz
ixracının həcmi və coğrafiyası genişlənir, yerli məhsulların xarici
bazarlarda mövqeyini gücləndirmək üçün müxtəlif dəstək mexanizmləri
tətbiq olunur. Ölkədə sahibkarlar üçün yaradılan əlverişli biznes
mühiti, ixrac təşviqi alətləri, sənaye zonalarında təqdim edilən
güzəştlər və digər stimullaşdırıcı tədbirlər qeyri-neft-qaz
ixracına mühüm töhfə verir.
Bu siyasətin tərkib hissəsi olaraq, qeyri-neft-qaz ixracında
müsbət dinamikanın davamlılığını təmin etmək, qeyri-neft-qaz
məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətini artırmaq
və ixracatçıların logistika xərclərini azaltmaq məqsədilə dövlət
ixracın dəstəklənməsi mexanizmlərini ardıcıl şəkildə
təkmilləşdirir.
Bu istiqamətdə atılan növbəti önəmli addım Prezident İlham
Əliyevin 9 iyun 2026-cı il tarixli “Qeyri-neft-qaz mallarının
ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanıdır.
Fərmana əsasən ixrac daşıma dəstəyi yalnız Azərbaycan mənşəli
qeyri-neft-qaz mallarının ixracına tətbiq ediləcək. Dəstək məbləği
iki kriteriya əsasında hesablanacaq: ixrac olunan malın daşınması
üçün çəkilmiş xərclərə görə nağdsız qaydada ödənilmiş məbləğ və
istifadə olunan nəqliyyat növündən asılı olaraq ixrac olunan malın
gömrük dəyəri. Daşıma dəmir yolu, hava, dəniz və ya Azərbaycanda
qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə
nağdsız ödənilmiş daşıma xərclərinin 70%-i, digər ölkələrdə
qeydiyyata alınmış avtomobil nəqliyyatı ilə həyata keçirildikdə isə
50%-i nəzərə alınacaq. Bununla yanaşı, avtomobil, dəmir yolu və
hava nəqliyyatı üzrə malın gömrük dəyərinin 15%-i, dəniz nəqliyyatı
üzrə isə 5%-i yuxarı hədd kimi müəyyən ediləcək. İxracatçıya bu iki
hesablamadan daha az olan məbləğ ödəniləcək.
Daxili daşıma dəstəyi Naxçıvanda istehsal olunan Azərbaycan
mənşəli qeyri-neft-qaz mallarının ölkənin digər ərazilərinə quru
yolu ilə daşınmasına şamil olunacaq. Bu halda sahibkar tərəfindən
nəqliyyat xərclərinə görə nağdsız qaydada ödənilmiş məbləğin 70%-i
dövlət dəstəyi kimi həmin biznes nümayəndəsinə ödəniləcək.
Ödənişlər rüb ərzində daşıma həyata keçirən sahibkarların
müraciətləri əsasında hesablanacaq və İqtisadiyyat Nazirliyi
tərəfindən ödəniləcək.
Dəstək mexanizmi 2026-cı ilin 1 sentyabr tarixindən 2036-cı ilin
30 sentyabr tarixinədək həyata keçirilən daşımalara tətbiq
olunacaq.
Mexanizmin tətbiqi üçün mənşə qaydası, dəstəyin şamil olunmadığı
əməliyyatlar və şəxslər, dəstəklənəcək malların siyahısı, ölkə
qrupları, müraciətlərin təqdim edilməsi və baxılması qaydası,
həmçinin müxtəlif nəqliyyat növləri ilə (multimodal) daşımalar üzrə
hesablama qaydası ayrıca normativ aktlarla müəyyən ediləcək.
Beləliklə, yeni dəstək mexanizmi ixracatçıların logistika
xərclərinin optimallaşdırılmasına, yeni bazarlara çıxış
imkanlarının genişlənməsinə və ixrac fəaliyyətinin uzunmüddətli
əsasda planlaşdırılmasına əlavə imkanlar yaradacaq. Nəticədə
Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarının beynəlxalq
bazarlarda rəqabət qabiliyyəti yüksələcək, qeyri-neft-qaz ixracının
davamlı artımına, ixracın şaxələndirilməsinə və ölkənin xarici
ticarət potensialının daha da güclənməsinə töhfə veriləcək.

