
Bakı. Trend:
Ölkənin aparıcı banklarından biri olan TuranBank maliyyə
sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji
layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən
aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya
Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of
International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq
çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları
özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha
inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya
Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək
TuranBank-da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr
Bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən
rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların
idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin
tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın
sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına
çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının
artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə
olunub.
Layihənin yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender
bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan
nəticələr və gələcək inkişaf istiqamətləri Bankın İdarə Heyətinin
üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin
daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı
təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının
təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də
gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi
mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
TuranBank fəaliyyətinin bütün istiqamətlərində gender
bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və
beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin
Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq
fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə
inanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış
nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın
təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb
səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.)
səhifələrini izləyərək əldə edə bilərsiniz.

