“ITOCHU” Azərbaycanda SOCAR ilə yeni birgə biznes imkanlarını nəzərdən keçirir (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Yaponiyanın “ITOCHU” korporasiyası Azərbaycan Dövlət Neft
Şirkəti (SOCAR) ilə Azərbaycanda yeni birgə biznes imkanlarını
nəzərdən keçirir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “ITOCHU”dan
bildirilib.

Şirkət SOCAR-ın “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində “ITOCHU”ya məxsus 3,65%-lik iştirak payını əldə etməsinə münasibət
bildirib və qeyd edib ki, sözügedən əməliyyat şirkətin aktivlərin
yenidən dövriyyəyə cəlb edilməsi (asset recycling) strategiyası
çərçivəsində həyata keçirilib.

“Bu satış aktivlərin yenidən dövriyyəyə cəlb edilməsi (asset
recycling) strategiyamız çərçivəsində həyata keçirilib. Bu
əməliyyat vasitəsilə SOCAR ilə tərəfdaşlığımızı daha da
möhkəmləndirməyi, həm Azərbaycanda, həm də beynəlxalq bazarlarda
yeni biznes imkanları yaratmağı hədəfləyirik”, – deyə şirkətdən
bildirilib.

AÇG layihəsindəki iştirak payını satmasına baxmayaraq, “ITOCHU”
Azərbaycanda yeni investisiya imkanlarını araşdırmaq niyyətində
olduğunu da təsdiqləyib.

“Azərbaycan “ITOCHU” üçün mühüm bazar olaraq qalır. Gələcəkdə
biz yalnız upstream (kəşfiyyat və hasilat) sahəsində deyil, digər
istiqamətlərdə də ölkədə müxtəlif investisiya imkanlarını
araşdırmağa davam edəcəyik. SOCAR ilə güclənən əməkdaşlığımızdan
istifadə edərək Azərbaycanda birgə yeni biznes imkanlarını inkişaf
etdirməyi və reallaşdırmağı qarşıya məqsəd qoyuruq”, – deyə
şirkətin cavabında qeyd olunub.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə “ITOCHU” korporasiyasına
məxsus iştirak payını alıb.




Bildirilib ki, iştirak payının alınmasına dair müvafiq sənədlər
imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə,
SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud
tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.

Alqı-satqı prosesinə qədər “Itochu” korporasiyası AÇG
layihəsində 3,65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın
AÇG layihəsində iştirak payı 31,65%-dən 35,3%-ə çatıb.

Qeyd edək ki, hazırda AÇG-də iştirak payları: BP (operator-
30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), “ExxonMobil”
(6,79%), TPAO (5,73%), “ONGC Videsh” (2,92%) təşkil edir.

SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib ki, AÇG layihəsi uzun
illərdir ölkəmizin və regionun enerji təhlükəsizliyinə mühüm töhfə
verir:

“Eyni zamanda, cari ildə AÇG yataqlar blokundan ilk sərbəst
təbii qaz hasilatının başlanması layihənin gələcək inkişafı və
Azərbaycanın qaz potensialının artırılması üçün yeni imkanlar açır.
Layihənin icrasında uzun illər ərzində oynadığı rola və səmərəli
tərəfdaşlığa görə “Itochu” korporasiyasına təşəkkürümüzü
bildiririk. Əminik ki, layihə bundan sonra da tərəfdaşların birgə
səyləri, yüksək əməliyyat standartları və qarşılıqlı etimad
əsasında uğurla həyata keçiriləcək”.

“ITOCHU” korporasiyasının baş əməliyyat direktoru, Enerji və
enerji həlləri Bölməsinin baş icraçı direktoru Tetsuya Yamada
bildirib ki, “ITOCHU” 1996-cı ildə Azərbaycana sərmayə yatıran ilk
Yaponiya şirkəti olduqdan sonra son üç onillik ərzində AÇG layihəsi
və enerji sahəsində digər investisiyalar vasitəsilə SOCAR ilə
möhkəm tərəfdaşlıq qurub: “AÇG son dərəcə uğurlu layihədir və uzun
illər ərzində sahib olduğumuz bu aktivin SOCAR-a ötürülməsi barədə
qərarımız həm “Itochu”nun inkişaf edən strateji prioritetlərini,
həm də SOCAR ilə tərəfdaşlığımızı daha da dərinləşdirmək
öhdəliyimizi əks etdirir. Buna görə də bu satış “ITOCHU”nun
Azərbaycandan çıxması demək deyil, əksinə, tərəfdaşlığımızda yeni
mərhələnin başlanğıcını ifadə edir. Azərbaycan “Itochu”nun
investisiya və ticarət fəaliyyəti üçün mühüm bazar olaraq qalacaq.
SOCAR ilə əməkdaşlığımızı daha da gücləndirməyi və həm
Azərbaycanda, həm də beynəlxalq bazarlarda yeni biznes imkanlarını
birgə dəyərləndirməyi səbirsizliklə gözləyirik”.