SOCAR CAPE-in yanvar-iyun ayları üzrə ixrac gəlirləri açıqlandı

Baş səhifə

Bakı.Trend:

2026-cı ilin yanvar-iyun aylarında “SOCAR-CAPE” MMC-nin ixrac
gəlirləri 485 min ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın iyul buraxılışında
bildirilib.

Məlumata əsasən, ötən ilin yanvar-iyun ayları üzrə bu gəlirlərlə
bağlı göstəricilər dərc olunmayıb.




Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında
iştirak edən dövlət şirkətlərinin siyahısına SOCAR Polymer MMC
başçılıq edir. Siyahıda sonrakı yerlərdə “AzerGold” QSC, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi
Əməliyyatlar İdarəsi, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye
Kompleksi” MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, “Azərbaycan Hava
Yolları” QSC (AZAL), “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “SOCAR-CAPE” MMC yer alıb.

Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev
Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının
kuluarlarında Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət
beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir
və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın
yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata
keçirir.

“SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və
qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət
Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın
səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac
imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya
yatırmağa davam edir”, – deyə o bildirib.