
Bakı. Trend:
Beynəlxalq axtarışda olan şəxs Monteneqroda tutularaq
Azərbaycana ekstradisiya edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat
verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin
aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət
törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə
gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam
etdirilir.
İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu
tərəfindən beynəlxalq axtarışa verilən və yeri Monteneqroda müəyyən
edilən daha bir şəxsin iyulun 29-da Nazirlik tərəfindən Azərbaycana
ekstradisiyası həyata keçirilib.
Belə ki, 2024-cü ildə tamah niyyəti ilə etibardan sui-istifadə
etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə
müxtəlif vaxtlarda zərərçəkmiş şəxsə yalan vədlər verməklə ona
xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməkdə (Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) ittiham
edilmiş Azərbaycan Respublikasının vətəndaşı Süleymanov Hidayət
Nemət oğlunun yeri Monteneqroda müəyyən olunub və o, həbs
edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan
sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq
əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Monteneqronun
ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir.
Süleymanov Hidayət Nemət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq
əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin
məsul əməkdaşları tərəfindən Monteneqronun Tivat şəhərindən
ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq
istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam
etdirilir.

