Bank Respublika sahibkarlığın dəstəklənməsi və yaşıl maliyyələşdirmə məqsədilə Finnfund-dan 15 milyon avro cəlb edib

Baş səhifə

Bakı. Trend:

Bank Respublika və Finlandiyanın İnkişaf və Sənaye
Əməkdaşlığı Fondu irihəcmli kredit sazişi imzalayıb

Azərbaycanın aparıcı banklarından biri olan, ölkənin real
sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika ilə
Finlandiyanın İnkişaf və Sənaye Əməkdaşlığı Fondu (Finnfund)
arasında kredit sazişi imzalanıb.

Sazişin şərtlərinə əsasən, beynəlxalq maliyyə institutu Bank
Respublika-ya Azərbaycan manatı (AZN) ekvivalentində 15 milyon avro
məbləğində, 3 il müddətinə kredit ayıracaq və vəsaitlərin 30%-i
qadın sahibkarların dəstəklənməsinə yönəldiləcək. Qeyd edək ki, bu
saziş Finnfund-un tarixində milli valyutada təqdim edilən ilk
sintetik kredit əməliyyatı olub.

Cəlb olunan vəsait Bank Respublika-nın fəaliyyətinin prioritet
istiqamətlərinin dəstəklənməsinə, o cümlədən mikro, kiçik və orta
sahibkarlığın inkişafına, yaşıl layihələrin maliyyələşdirilməsinə
və qadın sahibkarların maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsinə yönəldiləcək.




Bu sazişin imzalanması Bank Respublika-nın beynəlxalq
əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində növbəti
mühüm addım olmaqla yanaşı, xarici maliyyə institutlarının həm
Azərbaycan bank sektoruna, həm də Bank Respublika-ya göstərdiyi
yüksək etimadın təsdiqidir.

Finnfund-un Baş İnvestisiya Meneceri Ulla-Maija
Rantapuska bildirib:
“Bu investisiya iqlim
dəyişiklikləri ilə mübarizə, gender bərabərliyi və maliyyə
inklüzivliyi kimi üç mühüm istiqaməti bir araya gətirir. Regionda
yaşıl kreditləşmə və KOB-ların maliyyələşdirilməsində aparıcı
banklardan biri olan Bank Respublika-ya yerli valyutada maliyyə
təqdim etməklə, maliyyə əlçatanlığını genişləndiririk. Bununla
yanaşı, Azərbaycanın daha dayanıqlı və şaxələndirilmiş
iqtisadiyyatının inkişafına töhfə veririk.”

Bank Respublika-nın İdarə Heyətinin Sədri Tariyel
İsmayılov bildirib:
“Finnfund ilə əməkdaşlığın
başlanmasını yüksək qiymətləndirir və bu sazişin imzalanmasını
beynəlxalq maliyyə institutları ilə əməkdaşlığımızın daha da
möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım kimi
dəyərləndiririk. Finlandiyanın aparıcı inkişaf maliyyə
institutlarından birinin göstərdiyi etimad Bank Respublika-nın
dayanıqlılığının, biznes modelimizin effektivliyinin və
məsuliyyətli maliyyələşdirmə prinsiplərinə sadiqliyimizin
təsdiqidir. Cəlb olunan vəsait sahibkarların və Azərbaycanın
iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən layihələrin
dəstəklənməsi imkanlarımızı daha da genişləndirəcək.”