
Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi
Azərbaycan nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib.
Bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Səfər çərçivəsində Türkmənistan Prezidenti cənab Sərdar
Berdiməhəmmədov Azərbaycan nümayəndə heyətini qəbul edib. Görüşdə
Azərbaycan ilə Türkmənistan arasında dostluq, qardaşlıq və
qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin daha da
möhkəmləndirilməsi, biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə
təşəbbüslərin təşviqi, eləcə də regional iqtisadi-ticarət
əməkdaşlığının genişləndirilməsi barədə fikir mübadiləsi
aparılıb.
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin
Sədri Qurbanqulu Berdiməhəmmədov iqtisadiyyat naziri Mikayıl
Cabbarovu qəbul edib.
Görüşdə dövlət başçılarının siyasi iradəsi nəticəsində
Azərbaycan-Türkmənistan münasibətlərinin dinamik inkişaf etdiyi
vurğulanıb. Qeyd edilib ki, ötən ay Türkmənistan Prezidentinin
geniş nümayəndə heyəti ilə Azərbaycana dövlət səfəri və dövlət
başçılarının iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlər
əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verib.
Tərəflər iqtisadi əməkdaşlığın prioritet istiqamətləri,
qarşılıqlı fəaliyyətin şaxələndirilməsi məqsədilə həyata keçirilən
genişmiqyaslı layihələr və yeni tərəfdaşlıq imkanları barədə
müzakirələr aparıblar.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Quvanc Ağacanovla
görüşüb.
Görüşdə hər iki ölkənin zəngin enerji potensialının və təbii
resurslarının iqtisadi tərəfdaşlığın inkişafı üçün möhkəm zəmin
yaratdığı qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, bu sahədə
hüquqi-müqavilə bazasının təkmilləşdirilməsi, eləcə də birgə enerji
layihələrinin həyata keçirilməsi perspektivləri müzakirə
olunub.
Bildirilib ki, Azərbaycanın və Türkmənistanın əlverişli coğrafi
mövqeyi beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından
mühüm üstünlüklər yaradır. Qlobal gündəlikdə nəqliyyat və enerji
təhlükəsizliyi məsələlərinin aktuallığı vurğulanaraq, hər iki
ölkənin regional və qlobal enerji və nəqliyyat təhlükəsizliyinin
təmin edilməsinə verdiyi töhfələr qeyd olunub.
Görüşdə iqtisadi əməkdaşlıqla yanaşı, humanitar əlaqələrin
inkişafının da əhəmiyyəti diqqətə çatdırılıb. Bu baxımdan ötən il
Azərbaycanda keçirilmiş Türkmənistan Mədəniyyəti Günlərinin xalqlar
arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət
etdiyi bildirilib.
Türkmənistana işgüzar səfər çərçivəsində iqtisadiyyat naziri
Mikayıl Cabbarov Türkmənistan Nazirlər Kabineti sədrinin müavini,
Azərbaycan ilə Türkmənistan arasında Birgə Hökumətlərarası
Komissiyanın Türkmənistan tərəfindən həmsədri Nökərqulı
Ataqulıyevlə görüşüb. Görüşdə Birgə Hökumətlərarası Komissiyanın
fəaliyyətinin səmərəliliyinin artırılması, ticarət və investisiya
əlaqələrinin genişləndirilməsi, sənaye, nəqliyyat, infrastruktur və
turizm sahələrində əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran
layihələrin irəlilədilməsi istiqamətində fikir mübadiləsi
aparılıb.
İşgüzar səfər çərçivəsində Azərbaycan Respublikası ilə
Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu
iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, iqtisadiyyat naziri
Mikayıl Cabbarov çıxışında vurğulayıb ki, dövlət başçılarının
müəyyənləşdirdiyi strateji kurs ikitərəfli münasibətlərin bütün
istiqamətlər üzrə inkişafını şərtləndirir. Bildirilib ki, Birgə
Hökumətlərarası Komissiya iqtisadi-ticarət, investisiya, sənaye,
energetika, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın
sistemli şəkildə genişləndirilməsi üçün mühüm platformadır.
Azərbaycanın qarşılıqlı investisiyaların təşviqi, biznes dairələri
arasında əlaqələrin intensivləşdirilməsi və birgə layihələrin
reallaşdırılması istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır
olduğu diqqətə çatdırılıb. İqtisadiyyat naziri Türkmənistan
tərəfindən Füzuli şəhərində qardaşlıq töhfəsi olaraq inşa edilən
Məscid kompleksinə görə təşəkkürünü ifadə edib, bu layihənin
Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq
münasibətlərinin bariz nümunəsi olduğunu vurğulayıb.
Komissiyanın Türkmənistan tərəfindən həmsədri, Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev isə
çıxışında iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və
strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb. Qeyd olunub ki,
Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığın yeni
istiqamətlər üzrə genişləndirilməsi, mövcud layihələrin icrasının
sürətləndirilməsi və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi
baxımından mühüm əhəmiyyət daşıyır.Nökərqulı Ataqulıyev Azərbaycan
tərəfindən Türkmənistana hədiyyə edilən “Dostluq” neftdaşıyan
tankerinə görə təşəkkürünü ifadə edib, bu təşəbbüsün iki ölkə
arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini
qeyd edib.
İclasda ölkələrimiz arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsi və ixrac marşrutlarının şaxələndirilməsi
məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsü
vurğulanıb.
İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd
təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, su
infrastrukturu və digər prioritet istiqamətlər üzrə əməkdaşlığın
gücləndirilməsini nəzərdə tutan protokol imzalanıb.
Səfər çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər
naziri Rəşid Meredovla görüşüb.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun
və biznes tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə
olunub. Enerji sahəsində əməkdaşlığın inkişafı, birgə layihələrin
həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər istiqamətlər
üzrə fikir mübadiləsi aparılıb.

