
Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəqəmsal inkişaf,
innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində həyata
keçirilən islahatlara həsr olunan ictimai dinləmə təşkil edib.
Tədbirdə startap, investisiya fondları, yerli və xarici
şirkətlərin nümayəndələri, texnopark rezidentləri və ekspertlər
iştirak ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov
rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində görülən işlər,
əldə olunan nəticələr və qarşıdakı hədəflər barədə məlumat verib.
Bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin fevral
ayında keçirilən müşavirədə rəqəmsal inkişaf üçün yol xəritəsi
rolunu oynayan mühüm qərarlar qəbul edilib. Həmin qərarlara uyğun
olaraq, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın
sürətləndirilməsinə dair 2026 – 2028-ci illər üçün Fəaliyyət Planı”
təsdiqlənib. Rəqəmsallaşma, elektron hökumət, süni intellekt və
innovasiya sahələrində dövlət siyasətinin vahid yanaşma əsasında
həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Nazir müavini qeyd edib ki, Şuranın fəaliyyəti dövlət qurumları
arasında koordinasiyanın gücləndirilməsinə, rəqəmsal
transformasiyanın sürətləndirilməsinə və innovasiya əsaslı iqtisadi
modelə keçidin təmin olunmasına mühüm töhfə verəcək. 29 iyun
2026-cı il tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın
sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
İclasda Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf
sahəsində qanunvericilik islahatları istiqamətində görülən işlər
müzakirə olunub.
Sənəd ölkənin növbəti üç il üzrə rəqəmsal transformasiya və
texnoloji inkişaf prioritetlərini müəyyən edir. Onun icrası üzrə
bir sıra tədbirlər görülüb və proses davam etdirilir.
Məlumat verilib ki, dövlət xidmətlərinin vətəndaşlar və biznes
subyektləri üçün daha əlçatan olması məqsədilə “mygov” və “mygov
biznes” platformaları üzərində iş aparılır. Dövlət qurumlarının
xidmətləri mərhələli şəkildə vahid ekosistemə inteqrasiya edilir,
rəqəmsal olmayan xidmətlərin rəqəmsallaşdırılması və proaktiv
xidmətlərin payının artırılması istiqamətində addımlar atılır.
İnnovasiya ekosisteminin inkişafı, İKT ixracının artırılması və
Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsi də
prioritetlər arasındadır. Bu məqsədlə texnoloji inkişafı
dəstəkləyən və qanunvericilik bazasının təkmilləşdirilməsini
nəzərdə tutan geniş islahat paketi hazırlanıb.
Süni intellektin dövlət idarəçiliyinə və ictimai xidmətlərə
tətbiqi Fəaliyyət Planının əsas istiqamətlərindəndir. Bu sahədə
yüksəksəviyyəli hesablama infrastrukturunun yaradılması və dövlət
xidmətlərinin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi
nəzərdə tutulur.
Rəqəmsal transformasiyanın etibarlı şəkildə davam etdirilməsi
üçün kibertəhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu istiqamətdə hüquqi və institusional islahatlar həyata
keçirilir.
Qarşıya qoyulan strateji hədəflərin uğurlu icrası ölkəmizin
texnoloji potensialının gücləndirilməsinə, rəqəmsal suverenliyinin
möhkəmləndirilməsinə və rəqabətqabiliyyətli iqtisadiyyatın
formalaşdırılmasına mühüm töhfə verəcək.
İctimai dinləmədə Fəaliyyət Planında innovasiya ekosisteminin
inkişafı ilə bağlı nəzərdə tutulan qanunvericilik təşəbbüslərinin
təqdimatı olub.
Tədbirdə iştirakçıların təklif və rəyləri dinlənilib, rəqəmsal
inkişaf gündəliyinin əsas istiqamətləri, həyata keçirilən
islahatlar və qarşıda duran prioritetlər ətrafında geniş fikir
mübadiləsi aparılıb.

