
Bakı. Trend:
Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən sərfəli aqrar
sığorta mexanizmi vasitəsilə əkin sahələri ilə yanaşı, kənd
təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
Buraya iribuynuzlu mal-qara (südlük və ətlik inəklər, camış) və
xırdabuynuzlu heyvanlar (qoyun və keçilər) aiddir.
Aqrar Sığorta Fondu bu heyvanları çoxsaylı risklərdən – təbii
fəlakətlər, yoluxucu xəstəliklər, yem, ot və kimyəvi məhsulların
təsirindən zəhərlənmə, yanğın, ilan və həşərat sancması, vəhşi
heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti, avtomobillə vurulma,
daşınma zamanı qəza nəticəsində tələf olma və ya məcburi kəsim,
oğurluq, quldurluq və sair hallardan sığortalayır.
Qanunvericiliyə əsasən, sığorta haqqının 50%-i dövlət tərəfindən
ödənildiyinə görə, heyvanların sığortası fermerlər üçün daha
əlçatandır.
Belə ki, 1000 manatlıq iribuynuzlu mal-qaranın sığortası üçün
fermerin ödəməli olduğu məbləğ seçilmiş sığorta zərfindən asılı
olaraq 24–39 manat, qiyməti 2000 manat olan heyvanların illik
sığortası isə 48–78 manat arasında dəyişir.
Xırdabuynuzlu heyvanlara (qoyun və keçilər) gəlincə, qiyməti 300
manat olan heyvanın sığortası fermerə 7–11 manata, 500 manatlıq
heyvanın sığortası isə 12–18 manata başa gəlir.
Qeyd edək ki, fermer və təsərrüfatlar öz heyvanlarını 1 il, 2 il
və 3 illik müddətə sığorta etdirə bilərlər. Sığorta müddəti
artdıqca, illik sığorta haqqı da azalır.
Məsələn, 1000 manatlıq iribuynuzlu mal-qaranın 3 illik müddətə
sığortalanması zamanı illik sığorta haqqı 22,8–36,5 manat təşkil
edir.
Hadisə baş verdikdə heyvanın dəyərinin 10%-lik hissəsi azadolma
şəklində çıxılır və fermerə kənd təsərrüfatı heyvanının dəyərinin
90%-i həcmində ödəniş həyata keçirilir.
Qeyd edək ki, kənd təsərrüfatı heyvanlarını artıq 11 günlük
yaşından başlayaraq müxtəlif yaş hədlərinədək sığortalamaq
mümkündür. Südlük mal-qara 7 yaşadək, ətlik heyvanlar 3 yaşadək,
xırdabuynuzlu heyvanlar isə 5 yaşadək sığortalanır.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən
heyvandarlıq sığortası üzrə 3,5 milyon manat sığorta ödənişi həyata
keçirilib.
Aqrar sığortanın əhatə etdiyi məhsullar, heyvandarlıq
sığortasının şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi
internet səhifəsində “Heyvandarlıq məhsulları” bölməsində ətraflı
tanış olmaq, sığorta haqqını isə “Heyvandarlıq kalkulyatoru”
vasitəsilə hesablamaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial
şəbəkə hesablarını izləməklə və 1651 nömrəsi ilə əlaqə saxlamaqla
əldə etmək olar.

