
Bakı. Trend:
İyul ayında KOB-ların kapital bazarına çıxış imkanları, biznesin
rəqəmsallaşdırılması və yaşıl iqtisadiyyat kimi prioritet
istiqamətlərdə görüşlər davam etdiriləcək.
2026-cı ilin birinci yarısında sahibkarların iştirakı ilə 50-dən
çox sahəvi görüş və maarifləndirmə tədbiri təşkil olunub ki, bu
tədbirlərdə ümumilikdə 1500-ə yaxın biznes subyekti iştirak edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil
olunmuş tədbirlər çərçivəsində sahibkarlar biznes sahəsində
yeniliklər, qanunvericilik və dövlətin dəstək alətləri barədə
məlumatlandırılıb, onların təklifləri və qarşılaşdıqları məsələlər
müvafiq qurumların iştirakı ilə müzakirə edilib.
Sahəvi görüşlər və maarifləndirmə tədbirləri iyul ayında da
davam etdiriləcək. Bu ay görüşlər onlayn və oflayn formatda olmaqla
Bakı şəhərində, Balakən, Salyan, Oğuz, Goranboy, Qusar, Ağdam və
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda keçiriləcək.
Görüşlər əsasən KOB-ların kapital bazarlarına çıxış imkanları,
arıçılıq, akvakultura, kənd təsərrüfatı, aqrar sahədə
innovasiyalar, süd və süd məhsullarının istehsalı, yaşıl
iqtisadiyyat, heyvandarlıq, turizm kimi sahələrdə mövcud vəziyyət,
inkişaf perspektivləri və çağırışlara həsr olunacaq. İyul ayında
biznesin rəqəmsallaşdırılması və innovativ həllər mövzusunda
görüşlər onlayn formatda olmaqla bütün ölkə regionlarında təşkil
olunacaq.
Sahibkarlar iyul ayında keçiriləcək sahəvi görüşlər və
maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla linkə keçid
etməklə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus

