
Bakı. Trend:
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov
ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Akın
Gürlek ilə görüşüb.
Bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qonağı salamlayan nazir Fərid Əhmədov Azərbaycan
ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin
bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, ölkələrimiz
arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığın
əhəmiyyətini qeyd edib.
Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında ədliyyə sahəsində
əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə
olunub. Son illər nazirliklər arasında həyata keçirilən qarşılıqlı
səfərlərin, imzalanmış sənədlərin və birgə fəaliyyət
mexanizmlərinin əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə
verdiyi bildirilib.
Hüquqi yardım, penitensiar və probasiya sistemləri, rəqəmsal
həllərin tətbiqi, təcrübə mübadiləsi və kadr hazırlığı
istiqamətlərində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti
vurğulanıb.
Görüşdə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata
keçirilən birgə layihələrin və çoxtərəfli əməkdaşlıq
mexanizmlərinin hüquq sahəsində inteqrasiyanın gücləndirilməsinə
töhfə verdiyi qeyd olunub.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.

