
Bakı. Trend:
26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun
yaradılmasının 108-ci ildönümü münasibətilə Milli Müdafiə
Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev
adına Hərbi İnstitutun və Türkiyə Silahlı Qüvvələrinin Armoni
orkestrləri Bakı şəhərinin Fəvvarələr meydanında konsert proqramı
ilə çıxış ediblər.
Müdafiə Nazirliyindən verilən məlumata görə, tədbir əvvəlcə ulu
öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki
qardaş ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid
olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə
başlayıb.
Sonra hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan
Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal
Marşı səsləndirilib.
Bayram konsertində təqdim olunan hərbi-vətənpərvərlik mahnıları,
müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya
bəstəkarlarının əsərlərindən ibarət musiqi parçaları sakinlər və
şəhərin qonaqları tərəfindən böyük coşqu və alqışlarla
qarşılanıb.

