
Bakı. Trend:
İdman, xüsusən də futbol, sərhədlərdən, mədəniyyətlərdən və
dillərdən asılı olmayaraq insanları birləşdirmək üçün unikal bir
qabiliyyətə malikdir.
Trend-in müxbirinin tədbirdən verdiyi məlumata görə, bunu iyunun
26-da Bakıda səfirlik tərəfindən təşkil edilən “USA–Türkiye World
Cup Watch Party” tədbirində ABŞ-nin Azərbaycandakı səfirliyinin
missiya rəhbərinin müavini vəzifəsini icra edən Mark Hernandez
deyib.
“Səhər yeməyinə və ABŞ ilə Türkiyə arasında keçiriləcək
həyəcanlı dünya çempionatı matçına qoşulduğunuz üçün təşəkkür
edirik”, – deyə M. Hernandez bildirib.
O, tədbirdə Azərbaycan idman ictimaiyyətinin nümayəndələrini,
həmkarlarını və səfirlik əməkdaşlarını görməkdən məmnun olduğunu
qeyd edib.
“İdmanı, xüsusən də futbolu bu qədər heyrətamiz edən şeylərdən
biri də onun sərhədlər, mədəniyyətlər və dillər arasında insanları
birləşdirmək qabiliyyətidir”, – deyə səfirlik nümayəndəsi
bildirib.
Onun sözlərinə görə, azarkeşlərin hansı komandanı
dəstəkləməsindən asılı olmayaraq, hər kəsi rəqabət sevgisi, komanda
işi və ədalətli oyun birləşdirir.
“Dünya çempionatı, xüsusilə də mənim üçün dünyada ən sevimli
idman tədbirlərindən biridir”, – deyə Ernandes bildirib.
O, dünya futbolu tarixinin bir sıra yaddaqalan məqamlarını
xatırladıb: Roberto Baccionun 1994-cü il dünya çempionatının
finalında penaltilər seriyasında topu qapı dirəyinin üstündən
vurmasını, Fransaya səfəri zamanı Zinəddin Zidanın ev sahibi
komandanı 1998-ci il dünya çempionatında qələbəyə aparmasını
izləməsini, 2014-cü ildə ABŞ millisinin leysan yağışı altında
Belçikaya məğlub olmasının şahidi olmasını, həmçinin Lionel Messi
ilə Kilian Mbappe arasında keçirilən 2022-ci il dünya çempionatının
finalını xatırladaraq, onu dünya çempionatları tarixinin ən
möhtəşəm finalı adlandırıb.
“Bütün bunları birləşdirən əsas məqam dostlar, ailə, unudulmaz
təəssüratlar, ortaq dəyərlər və məqsədlərdir”, – deyə o
bildirib.
Ernandesin sözlərinə görə, ABŞ qarşıdan gələn iri beynəlxalq
yarışlar ərəfəsində idman təşəbbüslərindən istifadə etməyə davam
edir və eyni zamanda gələn həftə ölkənin 250 illik yubileyinin qeyd
olunmasına hazırlaşır.
“Beynəlxalq əlaqələri və insanlar arasında təmasları
möhkəmləndirmək üçün idmandan bir platforma kimi istifadə
etdiyimizə görə qürur duyuruq”, – deyə o vurğulayıb.
Ernandes qeyd edib ki, Bakının 2026-cı il üçün Dünya İdman
Paytaxtı elan edilməsi idmanın gəncləri ruhlandırmaq, cəmiyyətləri
birləşdirmək və əməkdaşlıq üçün yeni imkanlar yaratmaq gücünü
nümayiş etdirir.
“Bu gün oyundan zövq almaq, köhnə dostlarla yenidən görüşmək,
yeni dostlar qazanmaq və hamımızı birləşdirən beynəlxalq idman
ruhunu qeyd etmək üçün gözəl imkanımız var”, – deyə o əlavə
edib.
Çıxışının sonunda Ernandes səhər yeməyində iştirak etdiklərinə
görə qonaqlara bir daha təşəkkür edib, hər kəsə oyunu maraqla
izləməyi arzulayıb və ABŞ millisini dəstəklədiyini bildirib.

