Sahibə Qafarova Məhəmməd Baqer Qalibaf ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində İran İslam
Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf
ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri qonağı salamlayaraq, Məhəmməd Baqer
Qalibafla əvvəlki görüşlərini məmnunluqla xatırladıb.

Spiker Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan
dövlətlərin Parlament İttifaqının mühüm rolunu qeyd edib və bu
konfransın həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin müzakirəsi
üçün yaxşı imkan yaratdığını söyləyib. İran İslam Respublikası
İslam Şurası Məclisi sədrinin bu səfərinin də parlamentlərarası
əlaqələrin inkişafına töhfə verəcəyinə inam ifadə edilib.

Söhbət zamanı Azərbaycan və İran arasında münasibətlərin hazırki
səviyyəsindən məmnunluq ifadə olunub. Milli Məclisin sədri Sahibə
Qafarova əlaqələrin bundan sonra da iki dost və qonşu ölkə arasında
münasibətlərə uyğun şəkildə inkişaf edəcəyinə inamını bildirib.
Qeyd olunub ki, hazırda iki ölkə arasında müxtəlif layihələr həyata
keçirilir, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilir və
bütün bunlar ikitərəfli əməkdaşlığın daha da inkişafına təkan
verəcək.

Görüşdə regionda baş verən son proseslər də müzakirə olunub.
Spiker Sahibə Qafarova ümidvar olduğunu bildirib ki, aparılan
danışıqlar regionda gərginliyin azalmasına, davamlı sülhün və
sabitliyin təmin olunmasına xidmət edəcək. Eyni zamanda, diqqətə
çatdırılıb ki, məlum hadisələr zamanı Prezident İlham Əliyevin
göstərişi ilə Azərbaycan İrana ilk humanitar yardım göndərən ölkə
olub. Milli Məclisin sədri qeyd edib ki, Prezident İlham Əliyev
İran səfirliyinə gələrək matəm kitabını imzalayıb və xarici
ölkədəki İran səfirliyinə gedən yeganə dövlət başçısı məhz
Azərbaycan Prezidenti olub.

Görüşdə parlamentlərarası əlaqələrin iki ölkə arasındakı
münasibətlərdə özünəməxsus rolu qeyd olunaraq, tərəflərin
parlamentlərarası əlaqələrin daha da genişləndirilməsində maraqlı
olduqları diqqətə çatdırılıb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam
Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqları,
həmçinin müxtəlif səviyyələrdə digər təmaslar qeyd olunub. İran
İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer
Qalibaf Prezident İlham Əliyevin İranın ölkəmizdəki səfirliyinə
gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli
Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar
başsağlığı verməsini, İran səfirliyinə gələrək matəm kitabını
imzalamasını yüksək qiymətləndirib və buna görə təşəkkürünü ifadə
edib. O, müharibə dövründə Azərbaycan dövləti və xalqının atdığı
addımlara, göstərdiyi humanitar yardımlara görə minnətdarlığını
bildirib və bunların İran xalqı üçün çox dəyərli olduğunu
vurğulayıb.

İran parlamentinin sədri qeyd edib ki, onun Azərbaycana səfəri
və tədbirdə iştirakı da bu təşəkkürün ifadəsidir. O, göstərilən
dəstəyə və yardıma görə Azərbaycan Prezidentinə, dövlətinə və
xalqına təşəkkür edib.

Qonaq son bir il ərzində Azərbaycan və İran arasında əlaqələrdə
daha böyük inkişafın müşahidə olunduğunu, xüsusilə iki ölkənin
prezidentləri arasında müntəzəm təmasları vurğulayıb.

Məhəmməd Baqer Qalibaf, həmçinin İslam Əməkdaşlıq Təşkilatının
üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci
sessiyasının uğurla təşkil olunduğunu vurğulayıb və İƏT Parlament
İttifaqında növbəti dövr üzrə sədrlik fəaliyyətində Milli Məclisin
sədrinə uğurlar arzulayıb. O, regionda müsəlman ölkələri arasındakı
münasibətlərin əhəmiyyətini qeyd edib.

İran parlamentinin sədri qanunvericilik orqanları arasında
münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək,
əlaqələrin daha da genişlənməsinin parlamentlərarası əməkdaşlığın
inkişafına mühüm təsir göstərəcəyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.