Qəbul imtahanının nəticəsi açıqlandı

Baş səhifə

Bakı. Trend:

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC
altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7
iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidməti məlumat
yayıb.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və
cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan
doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış
ola bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40504
abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər)
1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər)
imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən
16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və
nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11187
abituriyentdən 1105 nəfər coğrafiya fənni üzrə imtahana
gəlməyib.




Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5
nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər
Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı
şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir
qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü
liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov
adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil
oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika
Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I
ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən
abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal
toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal)
2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın
məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220
saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı
göstərib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas
qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir.
O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də
Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya
Komissiyasına müraciət etmək istəyənlər 29 iyun saat 10:00-dan 1
iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron
ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.