Hamburqda AZAL-ın ilk “A321neo” təyyarəsinin təhvil verilməsi ilə bağlı mediatur keçirilir (FOTO)

Baş səhifə

Hamburq. Trend

Almaniyanın Hamburq şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə
(AZAL) “AerCap” şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təchiz
edilən ilk “Airbus A321neo” təyyarəsinin təhvil verilməsinə həsr
olunmuş mediatur keçirilir.

Trend-in xüsusi
müxbiri xəbər verir ki, proqram çərçivəsində bu gün media
nümayəndələri üçün “Airbus” şirkətinin təmsilçisinin iştirakı ilə
brifinq təşkil olunub.

“Airbus”ın kommersiya marketinqi üzrə nümayəndəsi Malhar Pendse
bildirib ki, Azərbaycan uzun illərdir şirkətin etibarlı
tərəfdaşıdır.

“Bu əməkdaşlığı davam etdirməkdən çox məmnunuq. “Airbus”
dayanıqlı aviasiya sahəsində öncül şirkətdir və daha əlaqəli,
dünyaya açıq cəmiyyətin formalaşmasına töhfə verir”, – deyə o
bildirib.

M.Pendse qeyd edib ki, “Airbus” kommersiya təyyarələri istehsal
edən aparıcı qlobal şirkətlərdən biridir.

“Biz bazarın bütün ehtiyaclarını qarşılamağa çalışırıq və dar
gövdəli təyyarələrdən geniş gövdəli təyyarələrə qədər geniş məhsul
xətti təqdim edirik. Bu gün “Azərbaycan Hava Yolları”na təhvil
verilən ilk “Airbus A321neo” təyyarəsi dar gövdəli hava gəmiləri
ailəsinə daxildir”, – deyə o vurğulayıb.




Şirkətin fəaliyyət miqyasından danışan M.Pendse bildirib ki,
ötən ayın sonuna olan məlumata görə, “Airbus” dünya üzrə 450-dən
çox müştəriyə 26,2 mindən artıq təyyarə satıb və ya təhvil
verib.

“Bu o deməkdir ki, dünyanın demək olar ki, hər bir kommersiya
hava limanında həm dar, həm də geniş gövdəli “Airbus” təyyarələrini
görmək mümkündür. Dar gövdəli təyyarələr ailəmiz bazarın bu
seqmentindəki tələbatı tam qarşılamaq üçün hazırlanıb və 100-dən
244-ə qədər sərnişin tutumuna malik modelləri əhatə edir”, – deyə o
əlavə edib.

Mediatur iştirakçıları üçün daha sonra Airbus-un istehsal
sahələrinə ekskursiya nəzərdə tutulub. Burada “A320” və “A350”
təyyarələri ailələrinin yığım xətləri nümayiş etdiriləcək.
Jurnalistlərə təyyarələrin istehsalının əsas mərhələləri, o
cümlədən konstruksiyaların yığılması, avadanlıqların quraşdırılması
və son montaj xəttinin işi təqdim olunacaq.

Proqramın əsas hadisəsi AZAL-a ilk “Airbus A321neo” təyyarəsinin
rəsmi təhvil verilməsi mərasimi olacaq.

Tədbir iştirakçılarına həmçinin “A321neo: təyyarənin yaradılma
yolu” adlı videoçarx nümayiş etdiriləcək. Daha sonra hava gəmisinin
Azərbaycanın milli aviadaşıyıcısına təhvil verilməsini simvolizə
edən xatirə mükafatlarının təqdim olunması mərasimi
keçiriləcək.

Xəbər yenilənəcək