Azərbaycan bazarında ortaq kart məhsulu bizim üçün çox dəyərlidir – Türk Hava Yolları rəsmisi

Baş səhifə

Bakı. Trend:

Türk Hava Yollarının “PAŞA Bank” və Türk Hava Yolları arasında
“Miles&Smiles” məhsulu üzrə əməkdaşlıq hər iki tərəf üçün
strateji əhəmiyyət daşıyır.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu Türk Hava Yollarının
Marketinq üzrə baş vitse prezidenti Ömər Faruk Sönməz “PAŞA Bank”
və Türk Hava Yolları arasında “Miles&Smiles” məhsulu üzrə
Memorandumun imzalanması mərasimində deyib.

Ö.F.Sönməz Azərbaycanda gördüyü qonaqpərvərliyi yüksək
qiymətləndirdiyini vurğulayıb.

“Azərbaycana gəldiyimiz ilk gündən etibarən bizə göstərilən
qonaqpərvərlik həqiqətən çox dəyərlidir. Hətta öz-özümə düşündüm
ki, niyə bu ölkəyə daha əvvəl gəlməmişəm. İnanıram ki, bundan sonra
Azərbaycana daha tez-tez səfər edəcəyəm”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, tərəflər arasında əməkdaşlığın əsası
2019-cu ildə qoyulub və bu günə qədər uğurla davam edir.
“Bu layihə Azərbaycanın aparıcı banklarından biri olan “PAŞA Bank”
və dünyanın ən böyük hava yollarından biri olan Türk Hava
Yollarının ortaq baxışının nəticəsidir. Məqsədimiz Azərbaycandakı
və dünyanın müxtəlif ölkələrindəki müştərilərimizə əlavə
üstünlüklər təqdim etməkdir”, – deyə baş vitse prezident
bildirib.

Ö.F.Sönməz qeyd edib ki, qlobal miqyasda səyahətə marağın
artması proqramın əhəmiyyətini daha da yüksəldir.
“Dünya sürətlə qloballaşır, insanlar daha çox səyahət edir və yeni
istiqamətlər kəşf edirlər. Türk Hava Yolları da hər gün daha çox
nöqtəyə uçuşlar həyata keçirir. Bu baxımdan belə bir ortaq kart
məhsulunun Azərbaycan bazarında təqdim olunması bizim üçün böyük
əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.




O bildirib ki, hazırda “Miles&Smiles” proqramının dünya üzrə
25 milyondan çox üzvü var.

“Türk Hava Yolları 130-dan çox ölkədə fəaliyyət göstərir və
540-dan artıq təyyarədən ibarət donanması ilə dünyanın ən böyük
beynəlxalq hava daşıyıcılarından biridir. Biz hər gün daha çox
istiqamətə uçmağa, daha çox sərnişinə xidmət göstərməyə və xidmət
keyfiyyətimizi artırmağa çalışırıq”, – deyə Ö.F.Sönməz qeyd
edib.

Baş vitse prezident əlavə edib ki, şirkət uçuş xidmətlərindən
hava limanlarındakı salonlara, tərəfdaş şəbəkəsinin
genişləndirilməsindən yeni imkanların yaradılmasına qədər bütün
istiqamətlərdə xidmət səviyyəsini yüksəltmək üzərində işləyir.

“Hazırda dünya üzrə 260-dan çox tərəfdaşımızla birlikdə 25
milyondan artıq üzvümüzə ən yaxşı təcrübəni təqdim etmək üçün
çalışırıq. Müştərilərimizin rəyləri və tərəfdaşlarımızın dəstəyi
sayəsində gələcəkdə daha böyük uğurlara imza atacağımıza inanırıq”,
– deyə o bildirib.

Sonda Ö.F.Sönməz memorandumun imzalanmasında əməyi olan “PAŞA
Bank” və Türk Hava Yollarının əməkdaşlarına təşəkkür edib,
tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə
edib.