Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır – Məleykə Abbaszadə

Baş səhifə

Bakı. Trend:

Əgər valideyn həqiqətən övladını sevirsə, onu sadəcə bir əyləncə
və ya “gözəl geyindirilmiş kukla” kimi görməməlidir.

Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə
Abbaszadə Trend Beynəlxalq İnformasiya Agentliyinə və “Baku TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.

DİM sədrinin sözlərinə görə, hər kəs valideyndir, amma valideyn
olmaq təkcə bu statusla bitmir:

“Real valideyn olmaq üçün həyata ciddi yanaşmaq, müəyyən
dəyərlərə sahib olmaq və övladına hansı şəxsiyyəti formalaşdırmaq
istədiyini aydın bilmək lazımdır. Bu, çox ağır bir məsuliyyətdir.
Hər kəsin öz işi var, amma valideyn olmaq da bir işdir. Bu işi
başqasına həvalə edib “müəllim cavabdehdir” düşüncəsi ilə yanaşmaq
təəssüf ki, bəzi hallarda rast gəlinir. Halbuki valideyn öz
övladını hamıdan yaxşı tanıyır və onun nəyə qadir olduğunu ən
düzgün şəkildə qiymətləndirə bilər. Əlbəttə, bu, yalnız özünü də
düzgün qiymətləndirməyi bacaran valideynlərə aiddir. Hazırda
müəllimə müraciət təkcə ali məktəbə qəbul üçün deyil, hətta birinci
sinfə hazırlıq üçün də edilir. Halbuki birinci sinfə hazırlıq üçün
uşaqla vaxt keçirmək, ona kitablar oxumaq, nağıllar danışmaq və beş
yaşına qədər onunla maraqlanmaq lazımdır. Bu isə zaman, səbir və
diqqət tələb edir. Əgər valideyn həqiqətən övladını sevirsə, onu
sadəcə bir əyləncə və ya “gözəl geyindirilmiş kukla” kimi
görməməlidir. Çünki uşaq bir şəxsiyyətdir və onu formalaşdırmaq
üçün valideynin özü də aktiv şəkildə çalışmalıdır ki, uşaq da sənə
əsaslanıb, sənin verdiyin dəyərlərə əsaslanıb bir şəxsiyyət kimi
formalaşsın. Bax, bu çox çətin bir işdir. İndi uşaqlarda məsuliyyət
hissi, öz vaxtını düzgün istifadə etmək kimi bacarıqları
formalaşdırmaq indiki zamanda daha çətindir. Çünki yenə də təkrar
edirəm, əylənmək üçün kifayət qədər imkanlar çoxalıb. Mən heç kimi
qınamıram, başa düşürəm ki, hər ailənin vəziyyəti fərqlidir. Amma
valideyn əgər uşağını sevirsə, o, özü də uşaqla məşğul olmalı, onu
dinləməli, onun maraq və bacarıqlarının formalaşmasında bilavasitə
iştirak etməlidir”.




Məleykə Abbaszadə qeyd edib ki, müvafiq kitablar, materiallar,
model testlərlə təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla
verə bilərlər. Onun sözlərinə görə, hər il yüzlərlə uşaq belə qəbul
olunur.

“Mən müşahidə edirəm ki, bəzi gənc ailələr bu məsələyə daha
məsuliyyətli yanaşırlar. Uşaqlarla daha çox vaxt keçirir, onlarla
aktiv şəkildə məşğul olurlar. Ataların da prosesdən kənarda
qalmaması çox müsbət haldır. Bu, əvvəlki dövrlərlə müqayisədə yaxşı
bir dəyişiklikdir. Valideynlik müasir dövrdə çox ağır, amma eyni
zamanda ən vacib işdir. Hətta karyeradan da önəmlidir, çünki sənin
böyütdüyün insan sənin gələcəkdə ən yaxın dayağın olur. Əslində
uşaqların taleyi bizim əlimizdədir. Amma eyni zamanda da bizim
taleyimiz gənclərin əlindədir. Biz onları necə tərbiyə
eləyəcəyiksə, gələcəkdə bizim taleyimiz də onların əlində olacaq.
Ona görə də öz vaxtını, sevgisini valideyn uşaqdan əsirgəmirsə, o
uşaq xoşbəxt insan kimi böyüyəcək. Və fərqi yoxdur, o, bir il gec
ali məktəbə qəbul olundu, yoxsa həmin il. Əsas odur ki, o xoşbəxt
bir insan olacaq. Müvafiq kitablar, materiallar, model testlərlə
təmin olunan uşaqlar qəbul imtahanlarını rahatlıqla verə bilərlər.
Biz kifayət qədər metodiki material buraxırıq və onlarla məşğul
olan uşaqlar özləri qəbul olunur. Hər il yüzlərlə belə qəbul olunan
uşaqlar var. Amma təəssüflər olsun, o uşaqlar böyük şəhərlərdə yox,
bizim müxtəlif qəsəbələrdən olur”, – o, əlavə edib.

Qeyd edək ki, müsahibə 23 iyun 20:45-də Trend Beynəlxalq
İnformasiya Agentliyində və “Baku TV” televiziya kanalında
yayımlanacaq.