2025-ci il dövlət büdcəsinin icrası: Gəlirlər 39,2 milyard, xərclər 38,6 milyard manat olub

Baş səhifə

Bakı. Trend:

Milli Məclis “Azərbaycan Respublikasının 2025-ci il dövlət
büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul
edib.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, qanun layihəsi parlamentin
bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 39
milyard 184,6 milyon manat
, xərcləri isə 38
milyard 604,6 milyon manat
təşkil edib. Nəticədə büdcə
580 milyon manatdan çox profisitlə icra
olunub.

Büdcə gəlirlərinin əsas hissəsini 14 milyard 481 milyon
manatlıq transfertlər
, 8 milyard 944,8 milyon
manat əlavə dəyər vergisi (ƏDV)
6 milyard 694,6
milyon manat hüquqi şəxslərin mənfəət vergisi

formalaşdırıb. Həmçinin dövlət büdcəsinə 2 milyard 21,5
milyon manat fiziki şəxslərin gəlir vergisi
, 1
milyard 770,8 milyon manat gömrük rüsumları
, 1
milyard 696,9 milyon manat aksizlər
daxil olub. Dövlət
iştiraklı müəssisələrdən alınan dividendlər isə 636,6
milyon manat
təşkil edib.

Xərclərin strukturunda ən böyük pay 8 milyard 68 milyon
manatla müdafiə və milli təhlükəsizlik
sahəsinə yönəlib.
Bu istiqamətdə xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə
4 milyard 580 milyon manat vəsait ayrılıb.




İqtisadi fəaliyyət sahəsinə 7 milyard 579,7 milyon
manat
xərclənib. Bunun 3 milyard 781,9 milyon
manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və
bərpasına
, 2 milyard 305,1 milyon manatı isə
dövlət investisiya xərclərinə
yönəldilib.

Təhsil xərcləri 4 milyard 619,5 milyon manat,
sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 554,2
milyon manat
, ümumi dövlət xidmətləri üzrə xərclər isə
4 milyard 456,2 milyon manat olub. Səhiyyə
sektoruna 1 milyard 275,3 milyon manat, kənd
təsərrüfatına 1 milyard 120,9 milyon manat vəsait
ayrılıb.

Qanun layihəsinə əsasən, sosial sahədə ən iri ödənişlərdən biri
kimi Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması
məqsədilə 1,6 milyard manat, icbari tibbi sığorta
fonduna isə 775,9 milyon manat ayrılıb.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
ikinci oxunuşda qəbul edilib.