Nigeriyada may ayında qaçırılan onlarla şagird və müəllim azad edilib

Baş səhifə

Mayın 15-də Nigeriyanın cənub-qərbində yerləşən Oyo ştatında üç
məktəbdən qaçırılan onlarla şagird azad edilib.

Bu barədə iyulun 10-da ölkə prezidenti Bola Tinubunun mətbuat
xidməti məlumat verib.

Nigeriya Prezidenti Bola Tinubu bəyanatında bildirib:
“Təhlükəsizlik qüvvələrimizin Oyo ştatının Oqbomoso bölgəsində,
Orire rayonunda qaçırılmış şagird və müəllimləri bu gün xilas
etməsindən dərin məmnunluq hissi keçirirəm. Ordu, polis və
kəşfiyyat xidmətlərinin birgə əməliyyatı nəticəsində bu dəhşətli
cinayəti törədən terrorçulardan bəziləri öldürülüb, daha səkkiz
nəfər isə həbs olunub”.

Bundan əvvəl prezidentin mətbuat katibi Bayo Onanuqa “X” sosial
şəbəkəsində bəzi uşaqların fotolarını paylaşaraq onların azad
edildiyini açıqlamışdı. O qeyd edib ki, “terrorçular” hakimiyyət
orqanlarının əlində olan silahdaşlarından birinin azadlığa
buraxılmasını tələb ediblər. Lakin onları tələbləri yerinə
yetirilməyib və heç bir güzəşt edilməyib.




Hökumət qüvvələrinin “Boko Haram” qruplaşmasının üzvləri kimi
təqdim etdiyi silahlı şəxslər mayın 15-də Oyo ştatının üç
məktəbindən 46 şagird və məktəb işçisini qaçırmışdı. Old Oyo Milli
Parkının yaxınlığında yerləşən Esiele və Yavota kəndlərindəki
məktəblərə hücum qısa müddətdə ölkənin əsas gündəm mövzularından
birinə çevrilmiş, etiraz aksiyalarına, müəllimlərin bir aylıq
tətilinə və beynəlxalq qınağa səbəb olmuşdu.

Həmin gün Borno ştatının şimal-şərqində, aralarında cəmi iki
yaşı olan uşaqların da olduğu təxminən 40 məktəbli də qaçırılıb.
Onlar hələ də əsirlikdə saxlanılır.