
Bakı. Trend:
Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi (CMA) Alphabet
Inc.-ə məxsus “Google”a axtarış nəticələri reytinqinin şəffaflığını
artırmağı əmr edib.
Xarici media yazır ki, şirkət axtarış nəticələrini obyektiv
meyarlara əsasən sıralamalı, daha aydın şikayət prosedurlarını
tətbiq etməli və istifadəçilərə axtarış məlumatlarını səlahiyyətli
üçüncü tərəflərlə paylaşmaq imkanı verməlidir.
“Google”ın reytinq obyektivliyi tələbinə uyğunlaşmaq üçün altı
ayı, məlumatların daşınması tələbinə uyğunlaşmaq üçün üç ayı
var.
Şirkət bildirib ki, sistemlərinin bütövlüyünü qorumağa sadiqdir
və Böyük Britaniya tənzimləyicisi ilə əməkdaşlıq edəcək, həmçinin
reytinq mexanizmlərinin ədalətli, şəffaf olduğunu və ən uyğun,
yüksək keyfiyyətli nəticələr verdiyini bildirib.
Böyük Britaniya bazar iştirakçıları CMA-ya şikayət edərək
bildiriblər ki, “Google”un hazırkı axtarış sıralama metodları
ədalətsiz, qeyri-şəffafdır və xəbərdarlıq edilmədən dəyişir və bu
qeyri-müəyyənlik onları öz bizneslərinə investisiya qoymaqdan
çəkindirir.

