
İranın danışıqlar aparan nümayəndə heyəti yaxın saatlarda İsveçrəyə yollanacaq.
Modern.az xəbər verir ki, bu barədə İranın ISNA agentliyinə açıqlamasında ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
Onun sözlərinə görə, nümayəndə heyətinin İsveçrəyə səfəri danışıqların ikinci mərhələsinin başlanması anlamına gəlmir və əsas məqsəd tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasına nəzarət etməkdir.
Bəqai bildirib ki, öhdəliklər tam şəkildə müəyyən olunub və qarşılıqlı anlaşma memorandumunun ilk bəndi tərəflərin ən mühüm öhdəliyini – Livan da daxil olmaqla bütün istiqamətlərdə hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
“Biz üzərimizə düşən öhdəlikləri yerinə yetirmişik. Lakin qarşı tərəf öz müttəfiqlərini, xüsusilə də İsraili Livanda atəşkəs rejiminə əməl etməyə məcbur etməli idi. Bunun baş verdiyini müşahidə etmədik və bu hal atəşkəs razılaşmasının açıq şəkildə pozulması kimi qiymətləndirilir”, – deyə o vurğulayıb.
Sözçü qeyd edib ki, dəniz blokadasının aradan qaldırılması və Hörmüz boğazının açılması ilə bağlı öhdəliklər yerinə yetirilib. Bununla belə, memorandum vahid və qarşılıqlı bağlı öhdəliklər paketidir:
“Əgər bu öhdəliklərin hər hansı hissəsi icra olunmazsa, bütün memorandumun həyata keçirilməsi təhlükə altına düşəcək. Xüsusilə nəzərə almaq lazımdır ki, birinci bənd razılaşmanın əsas və ən vacib hissəsidir”.
Bəqai əlavə edib ki, ABŞ öz öhdəliklərini yerinə yetirmək üçün mümkün qədər tez zəruri addımlar atmalıdır. Əks halda, memorandumun icrasında ciddi problemlər yarana bilər.
Qeyd edək ki, daha əvvəl Pakistan Xarici İşlər Nazirliyi İsveçrədə keçirilməsi planlaşdırılan görüş barədə məlumat yaymışdı.

