Azərbaycanın nümayəndə heyəti Qlobal Fondun Missiyası ilə görüşüb

Cəmiyyət


Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın nümayəndə heyəti Qlobal Fondun Qrant İdarəetmə şöbəsinin rəhbəri Mark Edinqtonun başçılıq etdiyi Missiyası ilə görüş keçirib.

Bu barədə Azərbaycan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini qeyd edib. Onun sözlərinə görə, 2005-ci ildən QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak edir:

“Hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfə verir”.

Öz çıxışında nazir vurğulayıb ki, cari ilin mart ayında Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən malyariyadan azad ölkə elan edilib:

“Bununla bağlı ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb. Məlumatda bu nailiyyətin əldə olunmasının səhiyyə işçilərinin peşəkarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğu deyilir”.

Sonda Teymur Musayev gələcəkdə Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.

Öz növbəsində Qlobal Fondun Missiya rəhbəri Azərbaycanın ölkədə malyariya xəstəliyinin aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib. Mark Edinqton, həmçinin, ötən ildən etibarən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Qlobal Fondun dəstəyi ilə Azərbaycanda insanın immunçatışmazlığı virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP – PrEP) adlı pilot layihənin icrasına başlandığını vurğulayıb:

“Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.

Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir