Antarktidanın dərinliklərində alimləri təəccübləndirən yeraltı təkanlar qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

ABŞ və İspaniyadan olan alimlər dərin öyrənmə alqoritmlərindən
istifadə edərək, Şərqi Antarktidadakı Devid buzlağının altında
100–150 kilometr dərinlikdə 510 zəlzələ aşkarlayıblar. Bu bölgədə
seysmik aktivlik demək olar ki, qeyri-mümkün hesab edilirdi, çünki
ərazi tektonik plitələrin sərhədlərindən uzaqda yerləşir.

Tədqiqatın nəticələri “Science” jurnalında dərc olunub.

Məlumatlar 49 seysmik stansiyadan toplanıb. Süni intellekt
əsaslı alqoritm dalğaları bir-birindən fərqləndirərək zəlzələ
ocaqlarının yerini dəqiq müəyyən etməyə imkan verib. Yeraltı
təkanların maqnitudası 1,6 ilə 3,5 arasında olub.




Tədqiqatçılar etiraf edirlər ki, orta dərinliklərdə baş verən
plitədaxili zəlzələləri izah etmək xüsusilə çətindir, çünki yuxarı
mantiyada yüksək temperatur və təzyiq şəraiti kövrək dağıntıların
yaranmasına imkan vermir.

Bu hadisənin izahı geoloji xüsusiyyətlə bağlıdır. Belə ki, Şərqi
Antarktidanın qalın və soyuq plitəsi ilə Qərbi Antarktidanın nazik
və isti plitəsi arasındakı sərhəd gərginliyin toplanmasına səbəb
olur. Aşağıdan isti mantiyanın, yuxarıdan isə ağır buzlağın
yaratdığı təzyiqlə birlikdə bu amil böyük dərinliklərdə çatların
əmələ gəlməsinə gətirib çıxarır.

Müəmmalı qalan məsələ 510 təkanın hamısının məhz Devid
buzlağının altında cəmləşməsidir. Belə ki, oxşar şərait
Transantarktika dağlarının digər hissələri boyunca da mövcuddur.
Müəlliflər hesab edirlər ki, buna əlavə yerli amillər də təsir edə
bilər.