
Bakı. Trend:
Vaşinqton administrasiyası Livanda davamlı atəşkəsin təmin
olunmasına çalışır və bu istiqamətdə vəziyyətin yaxşılaşdığını
hesab edir.
Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens bəyan edib.
“ABŞ dövlət katibi Marko Rubio və bütün komanda Livanda baş
verənlərlə fəal şəkildə məşğuldur. Media başlıqlarına baxmayaraq,
əslində vəziyyət yaxşılaşır və gərginlik bir qədər azalır”, – deyə
o, ABŞ və İran arasında keçirilməsi gözlənilən danışıqlarda iştirak
etmək üçün İsveçrəyə yola düşməzdən əvvəl Vaşinqton yaxınlığındakı
Endryus hərbi bazasında jurnalistlərə bildirib.
Vens qeyd edib ki, həm İsrailin, həm də Livanın təhlükəsizliyini
təmin etmək məqsədilə bu istiqamətdə iş davam etdirilməlidir.
“Məqsəd bütün regionda təhlükəsizliyin təmin olunmasıdır”, –
deyə o vurğulayıb.
Vitse-prezidentin sözlərinə görə, Livandakı vəziyyətlə bağlı
əsas problem tərəflərdən birinin atəş açması, digər tərəfin isə
buna cavab verməsidir.
“Atəşkəsin möhkəmlənməsi üçün tərəflərin kifayət qədər uzun
müddət atəşi dayandırması lazımdır. Biz məhz buna nail olmağa
çalışırıq”, – deyə Vens bildirib.

