Azərbaycan sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə bilər – Xalid Xalafalla (ÖZƏL)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan sukuk bazarında mühüm maliyyə mərkəzinə çevrilə
bilər.

Bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə
İslam Korporasiyasının (ICIEC) baş direktoru, Özəl Sektorun
İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun
səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam
İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Trend-ə müsahibəsində
deyib.

O, müsahibəsində Azərbaycanın regional və qlobal iqtisadi
inteqrasiyada artan rolundan danışıb.

Baş direktorun sözlərinə görə, Bakının qısa müddət ərzində
ikinci dəfə illik toplantıya ev sahibliyi etməsi Azərbaycanın Orta
Dəhliz və daha geniş Mərkəzi Asiya regionunda strateji əhəmiyyətini
təsdiqləyir:

“Bakıda illik toplantımızın 15 ildən az müddətdə ikinci dəfə
keçirilməsi Azərbaycanın Mərkəzi Dəhliz və Mərkəzi Asiya regionu
daxilində nə qədər vacib rol oynadığının göstəricisidir.
Azərbaycanın tarixi İpək Yolu ənənəsinə əsaslanaraq regionlararası
bağlantıların gücləndirilməsində böyük potensialı var”.




O bildirib ki, ICD və digər tərəfdaş institutlar Mərkəzi
Asiyadan kənara çıxan proqramlar vasitəsilə regional inteqrasiyanın
genişləndirilməsinə çalışır: “Məqsəd yalnız Mərkəzi Asiya deyil,
həm də Yaxın Şərqdən Azərbaycana daha çox biznes cəlb etmək, eyni
zamanda Azərbaycan biznesini Cənub-Şərqi Asiya və Afrika kimi
regionlara çıxarmaqdır. Azərbaycan şirkətləri üçün böyük potensial
görürük”.

Xalid Xalafalla əlavə edib ki, Azərbaycan şirkətləri həm
maliyyə, həm də sığorta xidmətlərindən istifadə etməklə qlobal
miqyasda daha rəqabətqabiliyyətli ola bilərlər.

O, sualları cavablandırarkən yeni maliyyə alətləri barədə də
danışıb. Onun sözlərinə görə, sukuk bazarı əsas istiqamətlərdən
biridir:

“Sukuk bizim mövcud məhsullarımızdandır. ICD-də sukuk üzrə
məsləhət xidmətləri göstəririk və kapitalın cəlb olunmasına dəstək
veririk. ICIEC-də isə sukuk sığortası adlı yeni məhsulu təşviq
edirik ki, bu da sukukların kredit reytinqinin yüksəlməsinə və
emissiya imkanlarının genişlənməsinə xidmət edir”.

Onun sözlərinə görə, bu alətlər Azərbaycanın sukuk bazarına
çıxışını gücləndirə və ölkənin regional və qlobal maliyyə
inteqrasiyasını sürətləndirə bilər.