Orta Dəhliz mühüm geoiqtisadi sistemə çevrilir – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Trans-Xəzər Forumunda Azərbaycanın Avrasiya
nəqliyyat əlaqələrindəki rolunu şərh edib.

Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkəsində paylaşım
edib.

O qeyd edib ki, Trans-Xəzər Forumu 2026-da çıxış etmək və Orta
Dəhlizin, eləcə də Xəzər regionunun nəqliyyat gələcəyinə dair
müzakirələrdə iştirak etmək onun üçün böyük şərəf olub. Onun
sözlərinə görə, Orta Dəhliz artıq sadəcə tranzit marşrutu deyil,
Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən mühüm
geoiqtisadi sistemə çevrilir və Avrasiya nəqliyyat arxitekturasında
ciddi dəyişiklikləri əks etdirir.

H.Hacıyev Azərbaycanın dəmir yolu, dənizçilik, aviasiya və
rəqəmsal infrastruktur sahələrinə yatırdığı investisiyalar
nəticəsində Avrasiya nəqliyyat əlaqələrində strateji mərkəz rolunun
gücləndiyini vurğulayıb. O, Azərbaycanın Cənubi Qafqaz, Mərkəzi
Asiya, Avropa, Yaxın Şərq və Xəzər regionları arasında körpü rolunu
oynayan unikal coğrafi mövqeyinin bu prosesdə xüsusi əhəmiyyət
daşıdığını bildirib.

Prezident köməkçisi qeyd edib ki, müasir dövrdə ölkələrin gücü
yalnız coğrafiya, əhali və iqtisadi və ya hərbi potensialla deyil,
həm də tərəfdaşlıq keyfiyyəti, nəqliyyat bağlantıları, regional və
qlobal gündəmi formalaşdırmaq qabiliyyəti ilə ölçülür və Azərbaycan
da bu istiqamətdə fəal şəkildə irəliləyir.

Sonda o, Avrasiya məkanında təhlükəsiz, dayanıqlı və gələcəyə
yönəlmiş nəqliyyat əlaqələrinin inkişafına sadiqliklərini bir daha
təsdiqlədiyini bildirib.