
Bakı. Trend:
ABŞ müdafiə naziri Pit Heqset ölkənin Silahlı Qüvvələrinin əsas
sursat ehtiyatlarının tükəndiyini təkzib edib.
Pit Heqset “X” sosial şəbəkə hesabında “CNN” telekanalının
yaydığı məlumatı şərh edərkən “Bu başlıq həqiqətə uyğun deyil”
yazıb.
Daha əvvəl “CNN” telekanalı öz mənbələrinə istinadla Pentaqonun
əsas sursat ehtiyatlarının təhlükəli dərəcədə aşağı səviyyəyə
düşdüyünü və ABŞ hərbi komandirlərinin arsenalın vəziyyətindən
ciddi narahat olduğunu bildirib. Telekanalın məlumatına görə, hava
hücumundan müdafiə vasitələri ehtiyatlarının tükənməsinin əsas
səbəbi İranla müharibə olub. CNN-in mənbələri ABŞ-nin müharibədən
əvvəlki səviyyə ilə müqayisədə THAAD raketləri ehtiyatının təxminən
80 faizini, həmçinin “Patriot” raketlərinin ehtiyatlarının təxminən
yarısını istifadə etdiyini bildiriblər.

