“Google Chrome” Azərbaycanın ən populyar brauzeri mövqeyini qoruyub-saxlayıb

Baş səhifə

Bakı.Trend:

“Google Chrome” Azərbaycanda populyarlığına görə liderliyini
qoruyub saxlayıb.

“Global Stats Statistika Mərkəzinin” məlumatına görə, iyul
ayında “Google Chrome” brauzerinin Azərbaycan bazarındakı payı 80,7
faiz təşkil edib. Bu göstərici əvvəlki ayla müqayisədə 0,42 faiz
bəndi azalıb.

Bildirilir ki, hesabat dövründə “Safari” brauzerinin bazar payı
7,1 faiz olub ki, bu da əvvəlki ayla müqayisədə 0,03 faiz bəndi
çoxdur.

Trend-in “Global
Stats”ın məlumatları əsasında apardığı hesablamalara görə, siyahıda
növbəti yeri “Firefox” brauzeri tutub. Bu brauzerin Azərbaycan
bazarındakı payı əvvəlki ayla müqayisədə 0,33 faiz bəndi azalaraq
4,71 faiz təşkil edib.




“Global Stats Statistika Mərkəzi”nin məlumatına əsasən, hesabat
dövründə “Samsung” internet brauzerinin bazar payı 0,1 faiz bəndi
artaraq 4,66 faizə yüksəlib. “Opera” brauzerinin bazar payı isə
0,05 faiz bəndi azalaraq 0,99 faiz olub.

Qeyd olunur ki, “Microsoft Edge” brauzerinin bazar payı hesabat
dövründə 0,18 faiz bəndi azalaraq 1,33 faiz təşkil edib. Trend-in hesablamalarına
görə, cari ilin iyul ayında “Brave” brauzerinin bazar payı əvvəlki
ayla müqayisədə dəyişməyərək 0,14 faiz səviyyəsində qalıb.

Qeyd edək ki, “Global Stats”ın məlumatına əsasən, “Google
Chrome” qlobal brauzer bazarında da lider mövqeyini qoruyur. Ondan
sonra “Safari”, “Microsoft Edge”, “Firefox”, “Samsung Internet”, “Opera” və “Brave” gəlir. Belə ki, “Google Chrome”un dünya üzrə
bazar payı 68,28 faiz, “Safari”nin 16,47 faiz, “Microsoft Edge”in
5,36 faiz, “Firefox”un 3,3 faiz, “Samsung Internet”in 2,06 faiz, “Opera”nın 1,89 faiz, “Brave” brauzerinin isə 0,62 faiz təşkil
edib.

Xatırladaq ki, “Chrome for Developers” saytında yerləşdirilən
məlumata əsasən, 2026-cı ilin sentyabr ayından etibarən Chrome
brauzeri yeni versiyaların buraxılış dövrəsini dörd həftədən iki
həftəyə endirəcək.