Bakı. Trend:
Argentinanın Rosario şəhərində losmanların tətil etməsi
səbəbindən taxıl daşıyan azı 45 gəmi limanı tərk edə bilmir.
Bu barədə Argentina Yağ-Piy Sənayesi Palatası və Taxıl
İxracatçıları Mərkəzinin (CIARA-CEC) prezidenti Qustavo İdiqoras
məlumat verib.
Qurumun rəhbərinin sözlərinə görə, limanı tərk edə bilməyən
gəmilərin sayı 45-i örtüb, onların üzərinə 30-u da əlavə oluna
bilər. “Hər bir gəminin gecikməsi taksi sayğacı kimidir, gündə 50
min dollardan 100 min dollaradək xərc yaranır”, – deyə Qustavo
İdiqoras bildirib. O qeyd edib ki, ixracatçılar hökumətin
derequlyasiya siyasətini dəstəkləsələr də, hakimiyyətin losmanlar
həmkarlar ittifaqı ilə normativ bazaya edilən dəyişiklikləri
müzakirə etməməsini səhv addım kimi qiymətləndirirlər. Məhz həmin
dəyişikliklər tətilə səbəb olub.
İyulun 30-da hökumətin rəsmi qəzetində gəmiçilik sahəsi üzrə
yeni qaydalar dərc olunub. Losmanlar və çay gəmiləri kapitanları
həmkarlar ittifaqlarının fikrincə, yeni qaydalar iş yerlərinin
itirilməsinə və gəmiçiliyin təhlükəsizliyinin azalmasına səbəb ola
bilər.

