
Bakı. Trend:
Belçika 2025-ci ilin oktyabrında baş vermiş Luvr soyğunçuluğu
ilə bağlı istintaqa qoşulub.
Trend xəbər verir ki,
bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Belçika polisi saxlanılan Şərqi Avropa
vətəndaşlarının telefonlarında Luvr muzeyi və Apollo qalereyasından
oğurlanmış zərgərlik məmulatlarının fotolarını aşkar etdikdən sonra
məlumatı Fransa tərəfinə ötürüb. Bundan sonra Paris müstəntiqləri
araşdırmanı genişləndiriblər.
İstintaq iki əsas versiya üzərində qurulub. Birinci versiyaya
görə, oğurlanmış əşyalar hələ də Fransadadır. İkinci versiyaya
əsasən isə onlar xaricə çıxarılıb, qiymətli daşlar ayrılıb və
sonradan Antverpen bazarında satışa çıxarıla bilər.
Qeyd edək ki, 2025-ci il oktyabrın 19-da dörd nəfər Luvr
muzeyinə daxil olaraq Apollo qalereyasından doqquz zərgərlik
məmulatı oğurlayıb. Oğurlanan əşyaların ümumi dəyəri 88 milyon avro
qiymətləndirilir. Onlardan biri – imperatriçə Evgeniyaya məxsus,
1354 brilyantla bəzədilmiş tac qaçış zamanı yerə düşüb.
Paris prokuroru Lore Bekonun sözlərinə görə, oğurluqda xarici
vətəndaşların iştirakı istisna edilmir. Hazırda iş üzrə 100-dən çox
müstəntiq araşdırma aparır, lakin oğurlanmış əşyaların yeri hələ
müəyyən edilməyib.
Oktyabrın 25-də iki şübhəli saxlanılıb, sonradan daha bir neçə
nəfər həbs olunub. Hazırda soyğunçuluqda birbaşa iştirak etməkdə
şübhəli bilinən dörd nəfərin hamısı həbsdədir.

