
Bakı. Trend:
Kanadanın paytaxtı Ottavada 28 May – Müstəqillik Gününə həsr
olunan tədbir keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin birgə dəstəyi,
diaspor fəalı Fərid Qasımovun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Ottava və ətraf şəhərlərdə yaşayan azərbaycanlılar,
diaspor nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak
ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnləri
səsləndirilib.
Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili
Vüsal Süleymanov çıxışında 28 May – Müstəqillik Gününün Azərbaycan
xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Kanadadakı diasporumuzun milli dəyərlərin təbliği və Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində
fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra Kanadanın müxtəlif bölgələrində fəaliyyət göstərən
Azərbaycan diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər.
Toronto şəhərindəki Azərbaycan Evini təmsil edən Anar İsmayılov və
Günel Məmmədova, Azərbaycan-Türk Assosiasiyasının sədri Kəmalə
Şiriyeva, Monrealdan Kvebek Azərbaycanlıları Assosiasiyasının
rəhbəri Məsud Əliyev, Kalqaridən Alberta Azərbaycan Mədəniyyəti
Cəmiyyətinin rəhbəri Ceyhun Nəcəfov, həmçinin Vankuverdən Kanada
Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyətinin sədri Təranə
Novruzova Azərbaycanın müstəqillik tarixindən, Azərbaycan Xalq
Cümhuriyyətinin qısa müddətdə gördüyü böyük işlərdən, Ümummilli
Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkəmizin
azadlığının qorunub möhkəmləndirilməsindən və Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı
torpaqlarımızın azad olunmasından, suverenliyimizin bərpasından
bəhs ediblər. Eyni zamanda Kanadadakı Azərbaycan diasporunun birgə
fəaliyyətinin və qarşılıqlı əməkdaşlığının əhəmiyyətindən
danışıblar.
Tədbirin bədii hissəsində Torontoda fəaliyyət göstərən Təbriz
Azərbaycan Musiqi və Rəqs Ansamblı ilə Azərbaycan Evinin üzvlərinin
klassik və milli musiqilərin müşayiəti ilə ifa etdikləri rəqslər
böyük maraq və alqışlarla qarşılanıb.

