Aİ Ukraynaya ayrılmış 90 milyard avroluq kredit üzrə ilk ödənişi həyata keçirəcək

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq
maliyyə paketinin ilk tranşı olan 3,2 milyard avronu bu gün Kiyevə
köçürəcək.

Bu barədə Avropa İttifaqının genişlənmə məsələləri üzrə
komissarı Marta Kos Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın
Bərpası Konfransının (URC2026) açılış mərasimində çıxışı zamanı
məlumat verib.

Onun sözlərinə görə, sözügedən vəsaitin ilk hissəsi artıq yaxın
saatlarda Ukraynanın sərəncamına veriləcək.

Marta Kos qeyd edib ki, Aİ yay fasiləsinə qədər Ukraynanın
üzvlük prosesi çərçivəsində daha beş danışıqlar klasterinin
açılmasına nail olacağına ümid edir. Xatırladılıb ki, ilk klaster
iyunun 15-də fəaliyyətə başlayıb.




“Ukrayna gələcəkdə Avropa İttifaqının üzvü olacaq və bu məqsədə
çatmaq üçün hamımız birgə çalışmalıyıq”, – deyə komissar
vurğulayıb.

O əlavə edib ki, ayrılan 90 milyard avroluq dəstək paketi
Ukraynanın mövcud imkanlarından maksimum istifadə etməsinə və
mövqelərini gücləndirməsinə kömək edə bilər.

“Rusiya yeni şəraitə tam uyğunlaşana qədər qarşıdakı altı aylıq
dövrdən mümkün qədər səmərəli yararlanmaq lazımdır. Ukrayna Avropa
İttifaqının bir hissəsi olmadan qitədə davamlı təhlükəsizlikdən
danışmaq çətindir”, – deyə Marta Kos bildirib.