Zakir Həsənov Gürcüstanın müdafiə naziri ilə görüşdü (FOTO)

Baş səhifə

Bakı.Trend:

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə
naziri general-polkovnik Zakir Həsənov bu ölkənin baş nazirinin
müavini, müdafiə naziri İrakli Çikovani ilə görüşüb.

Bu barədə Trend
Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, protokola uyğun olaraq, təntənəli qarşılanma
mərasimində müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən
keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.




General-polkovnik Z.Həsənov bir çox sahələrdə olduğu kimi, hərbi
sahədə də əlaqələrimizin davamlı olaraq inkişaf etdiyini qeyd
edib.

Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və
səlahiyyətli səfiri Faiq Quliyevin də iştirak etdiyi görüşdə
tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində
əməkdaşlıqların yeni perspektivləri və qarşılıqlı maraq doğuran
digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi şəhərində yerləşən
Qəhrəmanlar Memorialını və Heydər Əliyev adına mədəniyyət və
istirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət
edib, abidələrin önünə əklillər qoyub.