Ebola virusuna yoluxmuş beş xəstənin sağalması ümidverici hadisədir – ÜST

Baş səhifə

Bakı. Trend:

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru
Tedros Adhanom Gebreyesus Konqo Demokratik Respublikasının şərqində
Ebola virusunun nadir Bundibuqyo ştamına yoluxmuş beş xəstənin
sağalmasını ümidverici hadisə kimi qiymətləndirib.

Trend xəbər verir ki,
ÜST baş direktoru İturi əyalətinin paytaxtı Bunia şəhərinə səfəri
zamanı yeni Ebola müalicə mərkəzinin açılışında çıxış edib. O
bildirib ki, hazırkı ştam üçün təsdiqlənmiş peyvənd və ya xüsusi
müalicə vasitəsi olmasa da, xəstələrin sağalması bunun mümkün
olduğunu göstərir.

“Sərhədsiz Həkimlər” təşkilatı virusun yayılma sürətinin cavab
tədbirlərini üstələdiyini bildirərək testlərin genişləndirilməsinə
və tibbi yardımların artırılmasına çağırıb.




Məlumata görə, Konqo Demokratik Respublikasında azı 246 nəfər
Ebola virusuna yoluxaraq ölüb. 1000-dən çox insanın isə hazırda bu
xəstəliyin daşıyıcısı olduğu ehtimal edilir.

Bu ölkə ilə həmsərhəd olan Uqandada isə 9 nəfərin Ebola virusuna
yoluxduğu təsdiqlənib, 1-i bu xəstəlikdən həyatını itirib.