
Bakı. Trend:
Böyük Britaniya, ABŞ və Avstraliya AUKUS müdafiə tərəfdaşlığı
çərçivəsində sualtı döyüş dronları üzərində işləyirlər.
Trend xarici
mediaya istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə
naziri Con Heli bildirib.
“Bu əlamətdar layihə sualtı missiyaları dəstəkləmək və dənizdə
kollektiv üstünlüyümüzü qorumaq üçün hazırlanmış yüksək dərəcədə
uyğunlaşa bilən, tapşırıqları yerinə yetirməyə hazır pilotsuz
sualtı nəqliyyat vasitələri dəsti təqdim edəcək”, – deyə
britaniyalı nazir qeyd edib.
O əlavə edib ki, ölkələr bu cür dronlar üçün müasir müşahidə və
silah sistemləri hazırlayırlar. Onun sözlərinə görə, bu cihazlar
London, Vaşinqton və Kanadaya sualtı rabitə kabelləri və boru
kəmərləri də daxil olmaqla təhdidlərə daha effektiv şəkildə cavab
verməyə kömək edəcək.
AUKUS Müdafiə Tərəfdaşlığı, Hind-Sakit Okean bölgəsində
təhlükəsizlik və müdafiə əməkdaşlığını gücləndirmək üçün 2021-ci
ilin sentyabr ayında Avstraliya, Birləşmiş Krallıq və Amerika
Birləşmiş Ştatları arasında yaradılıb. Sazişə əsasən, ölkələr
Avstraliya üçün ənənəvi nüvə sualtı qayıqlarının hazırlanması da
daxil olmaqla, qabaqcıl hərbi texnologiyaların birgə inkişaf
etdirilməsini planlaşdırırlar.
Sualtı dron proqramı, kvant hesablamaları, sualtı nəqliyyat
vasitələri, hipersəs silahlar, süni intellekt və
kibertexnologiyalar sahələrində qabaqcıl hərbi texnologiyaların
inkişafı AUKUS-un II Pillar proqramına daxildir.

