Leyla Əliyeva Lənkəranda “Yaşıl çay” fermer təsərrüfatı ilə tanış olub (FOTO)

Baş səhifə

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin
təsisçisi və rəhbəri Leyla Əliyeva Lənkərana səfəri çərçivəsində
İstisu qəsəbəsində yerləşən “Yaşıl çay” fermer təsərrüfatında
olub.

Trend xəbər
verir ki, Leyla Əliyeva təsərrüfatın fəaliyyəti, burada
yetişdirilən çay sortları və istehsal olunan məhsullarla yaxından
tanış olub. Bildirilib ki, təsərrüfat Lənkəranın ənənəvi çayçılıq
mədəniyyətinin yaşadılması, yerli istehsalın inkişafı və ekoloji
kənd təsərrüfatının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Çay plantasiyasında çalışan işçilərlə birlikdə çay yığımında
iştirak edən Leyla Əliyeva onlarla səmimi söhbət edib, gündəlik iş
prosesi və təsərrüfatdakı fəaliyyətləri ilə maraqlanıb. Görüş
zamanı xatirə şəkilləri çəkdirilib.

Fermer təsərrüfatının sahibi Araz Yağubov bildirib ki, 2006-cı
ildə yaradılmış təsərrüfat 100 hektardan çox ümumi torpaq sahəsini
əhatə edir. Bunun 55 hektarını çay plantasiyası təşkil edir.
Ekoloji kənd təsərrüfatının ətraf mühitin qorunmasına, yerli
istehsalın inkişafına və regionda məşğulluğun artırılmasına töhfə
verdiyi vurğulanıb, təsərrüfatın aqroturizm məkanı kimi potensialı
xüsusi qeyd olunub.