
Bakı.Trend:
Azərbaycan artıq Cənub-Cənub əməkdaşlığı sahəsində bir sıra
təşəbbüslər üzrə lider ölkədir.
Bu barədə BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin
direktoru Dima Əl-Xətib Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trend-ə verdiyi özəl
müsahibədə bildirib.
“Azərbaycanın ASAN adlı çox uğurlu dövlət xidmətləri modeli var.
Hazırda bu model Qlobal Cənubun bir çox ölkələrində də tətbiq
olunur. Afrika və Asiyanın təxminən 30 ölkəsi uğurlu təcrübəni
mənimsəmək üçün ASAN ilə əməkdaşlıq edir. Bu, bir nümunədir. İkinci
nümunə isə Qlobal Cənub QHT Platformasının yaradılmasıdır. Bu
platforma yüzə yaxın qeyri-hökumət təşkilatını birləşdirərək
vətəndaş cəmiyyətinin səsini, o cümlədən şəhər gündəliyinin
irəlilədilməsi baxımından gücləndirir. Azərbaycan, şübhəsiz ki,
şəhər gündəliyinin və Cənub-Cənub əməkdaşlığının dəstəklənməsində
əsas rol oynaya biləcəyi bir çox digər təşəbbüslərə də malikdir”, –
deyə o bildirib.
Dima Əl-Xətib qeyd edib ki, WUF13-də əsas diqqət Qlobal Cənub
ölkələri üçün xüsusi əhəmiyyət daşıyan mənzil məsələlərinə
yönəlib.
“Bizim üçün WUF13 çərçivəsində formalaşan bütün mesajların
konkret fəaliyyət formasında Cənub ölkələrinə də çatdırılması
vacibdir. Şəhər gündəliyi ilə bağlı müxtəlif çağırışlar – istər
iqlim dəyişikliyi, istər bərabərsizlik, gender bərabərliyi
məsələləri, istərsə də gənclərin cəlb olunması – Cənub-Cənub
əməkdaşlığı vasitəsilə daha sürətlə irəlilədilə bilər. Çünki oxşar
mədəni irsə, coğrafiyaya və ümumi problemlərə malik ölkələr
bir-birindən daha tez öyrənə bilirlər. Bu isə həm vaxta qənaət
edir, həm də ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə töhfə
verir”, – deyə o bildirib.
O vurğulayıb ki, şəhərlər yalnız problemlərin və çağırışların
mənbəyi deyil, eyni zamanda həll yollarının da mənbəyidir.
“Bir çox şəhərlər artıq səhiyyə, kənd təsərrüfatı, tullantıların
idarə olunması və ya su ehtiyatlarının idarə edilməsi kimi
sahələrdə digər ölkələrlə bölüşülə biləcək həllər təqdim ediblər.
Hər bir şəhərin üzləşdiyi bütün bu çağırışlar eyni zamanda həll
mənbələrinə çevrilir. Cənub-Cənub və üçtərəfli əməkdaşlıq
vasitəsilə bu həllər bir regiondan digərinə ötürülə bilər. Əlbəttə,
onların milli kontekstə uyğunlaşdırılması vacibdir. Lakin bu,
problemlərin Cənub-Cənub əməkdaşlığı vasitəsilə həlli üçün olduqca
mühüm mexanizmdir.
Bildiyiniz kimi, hesablamalara görə, 2050-ci ilə qədər dünya
əhalisinin 70 faizi şəhərlərdə və urbanizasiya olunmuş mühitdə
yaşayacaq. Həmin 70 faizin isə 90 faizi Cənub ölkələrinin payına
düşəcək. Bu isə şəhərlərə ciddi təzyiq yaradacaq. Məhz buna görə də
şəhər gündəliyinə siyasi, maliyyə alətləri və praktiki həllər
səviyyəsində yanaşılması son dərəcə vacibdir. Bütün bu səviyyələrdə
Cənub-Cənub və üçtərəfli əməkdaşlıq əsas mexanizmə çevrilə bilər”,
– deyə Dima Əl-Xətib izah edib.
O əlavə edib ki, dünya ölkələrinin təxminən 80 faizini təşkil
edən Qlobal Cənub ölkələri çox vaxt istər sosial-iqtisadi kontekst
, istər ekoloji və sosial çağırışlar baxımından oxşar
xüsusiyyətlərə malikdir.
“Bu isə problemlərin həlli yolları üzrə qarşılıqlı öyrənmə
prosesini asanlaşdırır. Ölkələr birlikdə fəaliyyət göstərə, müəyyən
problemlərin həllində uğur qazanan dövlətlər isə öz təcrübələrini
başqaları ilə paylaşa bilərlər. Qlobal Cənubun bəzi problemləri
coğrafi sərhədləri aşır. Məsələn, iqlim dəyişikliyi ölkələrin
harada yerləşməsindən asılı olmayaraq hər kəsə təsir göstərir. Buna
görə də bu problemlərin həlli üçün dövlətlərarası əməkdaşlıq
vacibdir. Cənub-Cənub əməkdaşlığı son dərəcə mühüm əhəmiyyət
daşıyır və Cənub ölkələrinin inkişafının əsas elementidir. Çünki bu
əməkdaşlıq Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasını
sürətləndirməyə, həmçinin həll yolları, təcrübə və potensialın
gücləndirilməsi imkanlarının mübadiləsini təmin etməyə imkan
verir”, – deyə o bildirib.
Dima Əl-Xətib qeyd edib ki, Qlobal Cənubun bir çox ölkəsi borc
böhranı problemi ilə də üzləşir.
“Onlar borc yükünü azaltmağa kömək edəcək maliyyə alətləri
axtarırlar. Bəzi ölkələr artıq bu istiqamətdə irəliləyişə nail
olublar və öz təcrübələrini bir-biri ilə paylaşa bilərlər. Lakin
bunun üçün inkişaf tərəfdaşlarının – istər inkişaf bankları, istər
özəl sektor, istər çoxtərəfli sistem, istərsə də böyük ekspert
potensialına malik BMT sisteminin dəstəyi vacibdir. Məsələn, şəhər
gündəliyi üzrə UN-Habitat, fövqəladə hallar məsələlərində BMT-nin
Fəlakət Riskinin Azaldılması Ofisi, səhiyyə sahəsində isə Ümumdünya
Səhiyyə Təşkilatı və digər qurumlar bu istiqamətdə mühüm rol
oynayır.
Bundan əlavə, müasir dünyada hamı smart texnologiyalardan,
smartfonlardan və rəqəmsal platformalardan istifadə edir və bu,
biliklərə çıxış və təcrübə mübadiləsi üçün ən sürətli vasitədir.
Bizim Cənub-Cənub və üçtərəfli əməkdaşlıq üzrə Ofisimiz hazırda
mindən çox ən yaxşı təcrübəni özündə birləşdirən “South-South
Galaxy” adlı rəqəmsal bilik platformasını dəstəkləyir. İstənilən
ölkə, təşkilat və ya vətəndaş cəmiyyəti bu platformaya daxil olaraq
həmin təcrübələri öyrənə bilər. Hazırda biz potensialın artırılması
üçün alətlər, ölkələr arasında real vaxt rejimində dialoq imkanları
, eləcə də mümkün maliyyə mexanizmləri barədə operativ xəbərlər və
informasiya əlavə etməklə, bu rəqəmsal platfromanı
təkmilləşdiririk.”, – deyə o yekunlaşdırıb.

