
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün 19 apreldə
Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri
üçün buraxılış imtahanının nəticələrini açıqlayıb.
İmtahanda ən yüksək nəticəni (300 bal) toplayan Naxçıvan Muxtar
Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin
cari il məzunu Babazadə Ayxan Asiman oğlu imtahan barədə ilk
təəssüratlarını Trend-ə bildirib.
Onun sözlərinə görə, Naxçıvan birincisi olmaq, imtahanda
maksimum nəticə göstərmək qürurvericidir:
“Çox qürurverici bir hissdir. Ölkə birincilərinden olmaqla
ailemi qürurlandırdığım üçün özümlə fəxr edirəm. Nəticəmi müəllimim
zəng vurub dedi, nəticələrin açıqlandığından, birinci olduğumdan
xəbərsiz idim. Yüksək nəticə göstərəcəyimə inanırdım. Hədəfim məhz
bu idi”.
Ayxan hansı sahəni seçəcəciyini də açıqlayıb. O qeyd edib ki,
hələ hansı universitetdə təhsil alacağına isə qərar verməyib:
“Hüquqşünas ixtisasını seçəcəm. Hələ ki, universitet seçimi
etməmişəm. Konkret bir qərara gəlməmişəm. 9-cu sinifdən bəri
hazırlığa gedirəm. İmtahanla bağlı elə də çətinlik yox idi. Digər
zonalarla, demək olar ki, eyni səviyyədə idi”.
Naxçıvan birincisi qeyd edib ki, şagirdlər özlərinə inansalar,
təmkinli olsalar daha yüksək nəticə göstərə bilərlər.

