
Bakı.Trend:
Şərqi Zəngəzur İqtisadi rayonu Azərbaycanın yaşıl enerji
strategiyasında mühüm yer tutur. İşğaldan azad edilmiş ərazilərdə
bərpaolunan enerji mənbələri əsasında həyata keçirilən layihələrdən
biri də Cəbrayıl rayonunun Soltanlı kəndində “AzərEnerji” ASC
tərəfindən inşa olunan 330 kV-luq “Şəfəq” yarımstansiyasıdır.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, “AzərEnerji” ASC-nin Qarabağ
Regional Elektrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov bildirib
ki, bp şirkəti tərəfindən Cəbrayılda tikilən 240 meqavat gücündə
“Şəfəq” Günəş Elektrik Stansiyasının ölkənin enerjisisteminə
inteqrasiyası məqsədilə genişmiqyaslı infrastruktur layihələri
həyata keçirilib.
Layihə çərçivəsində “AzərEnerji” tərəfindən Cəbrayılda müasir
330 kV-luq rəqəmsal yarımstansiya tikilib, həmçinin onu ölkənin
enerji şəbəkəsinə birləşdirmək üçün “Cəbrayıl” Enerji Qovşağına
qədər 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli
yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur yaşıl
enerjinin ölkə üzrə ötürülməsində strateji rol oynayır.
Yarımstansiya açıq və qapalı paylayıcı qurğular, rəqəmsal
idarəetmə sistemi və məsafədən idarəetməni təmin edən mikro-SCADA
dispetçer sistemi ilə təchiz olunub. Sistem mərkəzi SCADA
platformasına inteqrasiya edilib.
Qeyd olunub ki, layihənin əsas məqsədi dövlət və özəl sektor
əməkdaşlığını gücləndirmək, karbon emissiyalarını azaltmaq, təbii
qaza qənaət etmək, yaşıl enerjinin payını artırmaq və ölkənin
enerji təhlükəsizliyini möhkəmləndirməkdir.
Yaşıl enerjinin ötürülməsi istiqamətində həyata keçirilən digər
mühüm layihələrdən biri də Səngəçal Terminalının alternativ enerji
ilə təmin olunmasıdır. Bu məqsədlə yeni 220 kilovoltluq
yarımstansiya tikilib və işlər artıq yekunlaşıb. Nəticədə
terminalda qazla işləyən elektrik stansiyası dayandırılacaq,
Cəbrayılda Günəş enerjisindən əldə olunan elektrik isə ümumi
enerjisistem vasitəsilə Səngəçal terminalına ötürüləcək.
Bildirilib ki, terminalda fəaliyyət göstərən 140 MVt gücündə
modul tipli qaz elektrik stansiyasının dayandırılması ilə illik 500
milyon kilovat-saat enerji bərpaolunan mənbələr hesabına təmin
ediləcək. Bunun nəticəsində ildə 120-150 milyon kubmetrdən artıq
təbii qaza qənaət olunacaq və bp şirkətinin Xəzər regionundakı
əməliyyatlarında CO2 emissiyası illik 260-330 min ton azalacaq.
Mircəlal Hüseynov vurğulayıb ki, enerji sisteminin rəqəmsal
əsasda modernləşdirilməsi artıq real nəticələr verir. Xüsusilə
aprel və may aylarında bəzi saatlarda ölkə üzrə elektrik enerjisi
istehlakının 36-41 faizi yaşıl enerji hesabına təmin olunub.
Məsələn, aprelin 20-də ölkədə 64,4 milyon kilovat-saat elektrik
enerjisi istehsal edilib. Bunun 36,5 faizi bərpaolunan enerji
mənbələrinin payına düşüb. Həmin enerjinin 15,9 milyon
kilovat-saatı su elektrik stansiyalarında, 7,6 milyon kilovat-saatı
isə Günəş və külək elektrik stansiyalarında istehsal olunub.
Prezident İlham Əliyevin “Böyük Qayıdış” strategiyasına uyğun
olaraq, işğaldan azad edilmiş ərazilərdə tikilən enerji
obyektlərində yerli əhalinin məşğulluğuna da xüsusi diqqət
yetirilir. “Şəfəq” yarımstansiyasında çalışan əməkdaşların
əksəriyyəti bölgəyə qayıdan sakinlər arasından seçilib və onlar
xüsusi təlimlərdən sonra işlə təmin olunublar.

