
Bakı.Trend:
Konstitusiya Məhkəməsinin Plenumu sədr Fərhad Abdullayevin
rəhbərliyi ilə keçirilən növbəti iclasda Bakı şəhəri Binəqədi Rayon
Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxaraq müvafiq
qərar qəbul edib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki,
iclasda Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin
VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati
Xətalar Məcəlləsinin 598.7-ci maddəsinin “Cinayət yolu ilə əldə
edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 3.1 və
3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair
müraciət araşdırılıb.
Plenum iş üzrə hakim Fərhad Məmmədovun məruzəsini, maraqlı
subyektlərin, o cümlədən Milli Məclis Aparatının mülahizəsini, Ali
Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə
Monitorinqi Xidməti, Dövlət Vergi Xidməti və Vəkillər
Kollegiyasının mütəxəssis rəylərini, həmçinin Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin professoru Sübhan Əliyevin
ekspert rəyini dinləyərək qərar qəbul edib.
Qərara əsasən, mühasibat və vergi məsləhəti xidmətləri göstərən
müstəqil şəxslər müştərilərinə qanunda nəzərdə tutulan
əməliyyatların aparılması və ya həmin əməliyyatlarda iştirakla
bağlı xidmət göstərdikləri hallarda “Cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə haqqında” Qanunla müəyyən edilmiş öhdəlikləri
daşıyırlar. Həmin öhdəliklərin pozulması isə İnzibati Xətalar
Məcəlləsinin 598.7-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyət
yaradır.
Konstitusiya Məhkəməsi həmçinin qeyd edib ki, qanunda nəzərdə
tutulan “əməliyyatların aparılmasında iştirak” anlayışı
əməliyyatların strukturlaşdırılması, hüquqi modelinin hazırlanması,
rəsmiləşdirilməsi və ya nəticələrinin formalaşdırılmasına real
təsir göstərən hərəkətləri əhatə edir.
Qərarda vurğulanıb ki, qeyri-maliyyə institutlarının qanunla
müəyyən edilmiş öhdəliklərinin icra vaxtı hər bir öhdəliyin
xarakterindən asılı olaraq müvafiq qanunun tələbləri, FATF-in 22 və
23 saylı Tövsiyələri, eləcə də Konstitusiya Məhkəməsinin bu
qərarında əks olunan hüquqi mövqelər nəzərə alınmaqla müəyyən
edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minib, qətidir və heç bir
orqan və ya şəxs tərəfindən ləğv, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.

