Ermənistanda Konstitusiya dəyişikliyi sülh prosesini sürətləndirə bilər – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan
qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər. Bu
fikirləri xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Mövzunu Trend-ə şərh edən politoloq Azər Qarayev bildirib ki,
Ceyhun Bayramovun açıqlaması Azərbaycan-Ermənistan arasında sülh
prosesi ilə bağlı mühüm siyasi mesaj kimi qiymətləndirilir.

“Nazirin “Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan
qaldırıldıqdan sonra səhəri günü sülh sazişi imzalana bilər”
ifadəsi hüquqi maneə aradan qalxacağı təqdirdə Azərbaycanın əlavə
gecikmə yaratmaq niyyətində olmadığını göstərir. Burada “səhəri
günü” ifadəsi məcazi məna daşıyır və sazişin texniki və siyasi
baxımdan imzalanmağa hazır olduğunu vurğulayır”.

A. Qarayev bildirib ki, Azərbaycan uzun müddətdir bildirir ki,
Ermənistan Konstitusiyasının preambulasında istinad edilən 1990-cı
il Müstəqillik Bəyannaməsində yer alan bəzi müddəalar Azərbaycana
qarşı ərazi iddiaları kimi qiymətləndirilə bilər.

“Rəsmi Bakı hesab edir ki, belə hüquqi istinadlar qüvvədə
qaldıqca gələcəkdə sülh sazişinin ruhuna zidd vəziyyət yarana və
yeni siyasi-hüquqi mübahisələr ortaya çıxa bilər. Məhz buna görə
Azərbaycan hesab edir ki, sülh sazişi imzalanmazdan əvvəl
Ermənistanın əsas qanununda bu məsələ tam şəkildə həll
edilməlidir.

Nazirin “Azərbaycan üzərinə düşən bütün işləri artıqlaması ilə
yerinə yetirib” fikri onu göstərir ki, rəsmi Bakı öz
nöqteyi-nəzərinə görə danışıqlar prosesində üzərinə götürdüyü
öhdəlikləri icra etdiyini hesab edir. Bu baxımdan, Azərbaycan indi
növbəti addımı Ermənistan tərəfdən gözlədiyini nümayiş etdirir.

Onun “Bizim də öz gözləntilərimiz var” sözləri də məhz bu
mövqenin davamıdır. Yəni Azərbaycanın gözləntisi Ermənistanın
hüquqi bazasını sülh sazişinin prinsiplərinə uyğunlaşdırmasıdır.
Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfindən yeni
Konstitusiya aktında əvvəlki Müstəqillik Aktına istinad
edilməyəcəyinə dair açıqlamalar verilib. Əgər bu dəyişiklik
reallaşarsa, Azərbaycanın fikrincə, sülh sazişinin imzalanmasının
qarşısında qalan əsas hüquqi maneə də aradan qalxmış olacaq”.

Politoloq bildirib ki, bu, həm də onu göstərir ki, tərəflər
arasında sülh sazişinin mətni üzrə böyük hissədə razılıq əldə
olunub və mübahisə əsasən hüquqi-siyasi xarakter daşıyan bu məsələ
ətrafında cəmlənib.

“Nazirin açıqlamasından belə nəticə çıxarmaq olar ki, Azərbaycan
Konstitusiya ilə bağlı məsələ həll olunduqdan sonra uzunmüddətli
əlavə danışıqlara ehtiyac görmür. Bu səbəbdən “səhəri günü” ifadəsi
sazişin imzalanmasının çox qısa müddətdə mümkün ola biləcəyinə
işarə kimi qiymətləndirilir.

Lakin bunun üçün Ermənistanın Konstitusiya islahatlarını həyata
keçirməsi, daxili hüquqi prosedurları başa çatdırması və bundan
sonra tərəflərin imza mərhələsinə keçməsi tələb olunur”.

Politoloq vurğulayıb ki, nazirin açıqlaması Azərbaycanın
mövqeyini bir daha təsdiqləyir.

“Rəsmi Bakı hesab edir ki, sülh sazişinin imzalanması üçün əsas
siyasi razılıq mövcuddur və hazırda həlledici məsələ Ermənistan
Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi
qiymətləndirilən müddəaların aradan qaldırılmasıdır. Azərbaycanın
mövqeyinə görə, bu addım atılacağı halda sülh sazişinin imzalanması
üçün ciddi maneə qalmayacaq və proses çox qısa müddətdə yekunlaşa
bilər”, – deyə o qeyd edib.