Azərbaycanda bu ilin ilk yarısında cinayətlərin sayı 8,6 faiz azalıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda 2026-cı ilin ilk altı ayında ötən ilin eyni dövrü
ilə müqayisədə ümumi cinayətlərin sayı 8,6 faiz, ağır və xüsusilə
ağır cinayətlər 6,5 faiz, mülkiyyət əleyhinə cinayətlər 15,3 faiz
azalıb.

Bu barədə Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında
əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunmuş Kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, Azərbaycanda 2026-cı ilin ilk altı ayında
əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün
dövlət qurumları üzrə 15 min 420 cinayət qeydə alınıb ki, onların
95,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən
prosessual qaydada araşdırılıb:

“Qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə
törətməyən və az ağır növlər təşkil edib. 2025-ci ilin eyni dövrü
ilə müqayisədə oğurluqlar 11,5 faiz, dələduzluqlar 16,8 faiz,
soyğunçuluqlar 8,8 faiz, quldurluqlar 44,2 faiz, hədə-qorxu ilə
tələb etmələr 10,5 faiz, xuliqanlıq cinayətləri isə 12,5 faiz
azalma göstərib.

Eyni zamanda, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən
cinayətlər 15,3 faiz, ailə münaqişəsi zəminində baş verən
cinayətlər 3,5 faiz, qrup halında törədilən cinayətlər 16,6 faiz
azalıb. Odlu silahın tətbiqi ilə törədilən cinayətlər cəmi 3 fakt
təşkil edib”.




Məlumata əsasən, yol-nəqliyyat hadisələrinin sayı 7,6 faiz,
qəzalarda xəsarət alanların sayı 19 faiz, həlak olanların sayı isə
9 faiz azalıb.

Bildirilib ki, hesabat dövründə cinayətlərin açılması
göstəriciləri də yaxşılaşıb:

“Ümumi açılma faizi 1,1 faiz, qeyri-aşkar şəraitdə törədilən
cinayətlərin açılması 2,5 faiz, mülkiyyət əleyhinə cinayətlərin
açılması 4,4 faiz, oğurluqların açılması 10,7 faiz, dələduzluqların
açılması isə 1,2 faiz artıb. Adam oğurluğu və avtonəqliyyat
vasitələrinin qaçırılması cinayətlərinin açılması tam təmin
olunub”.

DİN-in məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış və
istintaq tədbirləri nəticəsində cinayətlərin 93,9 faizi açılıb,
əvvəlki illərdən bağlı qalmış 218 cinayət də daxil olmaqla
ümumilikdə 3 min 13 cinayət açılıb, 4 min 474 hüquqazidd əməlin
qarşısı alınıb:

“Müxtəlif cinayətlər törətmiş 6 min 887 nəfər məhkəmə
məsuliyyətinə verilib, istintaq və təhqiqat orqanlarından yayınan 4
min 282 nəfər, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə
təqsirləndirilən 645 nəfər saxlanılıb. Axtarış işinin nəticəliliyi
isə 82,7 faizə yüksəlib”.