
Taylandda aparılan arxeoloji qazıntı sahəsində dünya tarixini dəyişdirə biləcək mühüm bir kəşfə imza atılıb. Dəmir dövrünə aid qədim əsilzadələr məzarlığındakı araşdırmalar zamanı təxminən 2000 illik keçmişə sahib iki qızıl üzük aşkar edilib.
Metbuat.az xəbər verir ki, mütəxəssislər bu barədə fikirlərini bölüşüblər. Onların qənaətinə görə, bu tapıntılar sadəcə bəzək əşyası olmaqla qalmır, həm də Cənub-Şərqi Asiya ilə Hindistan yarımadası arasındakı qədim ticari və mədəni əlaqələri ortaya qoyan gizli şifrələr daşıyır. Üzüklərdən birinin üzərində antik Hind astronomiyasında və astrologiyasında ən uğurlu ulduz qruplarından (burclərdən) biri hesab olunan “Pushya” simvolu və antik Brahmi əlifbası ilə yazılmış yazılar qeyd olunub.
İlkin araşdırmalarda bu yazının “Pusarakhitasa”, yəni “Pushya tərəfindən qorunan şəxs” mənasına gəldiyi müəyyən edilib. Digər üzük isə düz və naxışsız formadadır.
Arxeoloqlar bu qiymətli tapıntıların, ərazidə tapılan digər bürünc və qızıl əşyalarla birlikdə, Hindistanın “Vaişya” adlanan qədim tüccar nəslindən olan zəngin bir şəxsə aid ola biləcəyini ehtimal edirlər. Səkkiz insan skeletinin də tapıldığı bu qədim məzarlıqdakı qazıntı işləri tamamlandıqdan sonra üzüklərin bərpa edilərək muzeylərdə sərgilənməsi planlaşdırılır.

