
Bakı. Trend:
“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara
təqdim olunan xidmətlərin əhatə dairəsi genişləndirilir. İllik
istifadə sayı 320 mini ötən, Elm və Təhsil Nazirliyinə aid bir sıra
mühüm xidmətlər artıq “mygov”a inteqrasiya olunub
“mygov” platforması üzərindən təqdim olunacaq yeni təhsil
xidmətləri aşağıdakılardır:
• Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul
olunan abituriyentlərin qeydiyyatı (illik istifadəçi sayı 60,000
nəfərə qədər);
• Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə
bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 14,000 nəfərə
qədər);
• Ali təhsil müəssisələrinin rezidentura səviyyəsinə
bakalavrların qeydiyyatı (illik istifadəçi sayı 600 nəfərə
qədər);
• Ümumi orta və tam orta təhsil bazasından orta ixtisas təhsili
müəssisələrinə qəbul olunmuş abituriyentlərin qeydiyyatı (illik
istifadəçi sayı 24,000 nəfərə qədər);
• Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu
(illik istifadəçi sayı 225,000 nəfərə qədər);
Qeyd edək ki, sözügedən xidmətlər “mygov” platformasında
vətəndaşlar və təhsilalanlar tərəfindən növbəti tədris ilinə qəbul
və qeydiyyat məqsədilə istifadə ediləcək.
Sözügedən xidmətlər my.gov.az portalı
üzərindən əlçatandır. Vətəndaşlar platformanın “Xidmətlər”
bölməsində “Qurumlar” kateqoriyasından “Elm və Təhsil Nazirliyi” və
ya “Sahələr” kateqoriyasından “Təhsil” seçimini edərək müvafiq
xidmətlərə keçid edə bilərlər. Yenilik təhsilalanlara və
valideynlərə prosesləri daha sürətli və rahat şəkildə həyata
keçirməyə imkan yaradacaq.
Yeni xidmətlərin istifadəyə verilməsi “mygov” platformasının
vətəndaşlara təqdim etdiyi rəqəmsal imkanların daha da
genişləndirilməsi və dövlət xidmətlərinin vahid platformada
əlçatanlığının təmin olunması istiqamətində atılan növbəti addım
hesab olunur.

