Azərbaycanca danışan, Gəncə ləhcəsilə yazan əcnəbi diplomat kimdir? – FOTOLAR

Baş səhifə

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb. O, yaxın günlərdə Azərbaycanı tərk edəcək.

Modern.az-ın məlumatına görə, Fergus Auldson son illər Azərbaycanda ən çox tanınan və simpatiya qazanan xarici diplomatlarından biri olmuşdu. O, rəsmi görüşlərdə iştirak edən səfir olmaqla yanaşı, Azərbaycan dilində danışması, bölgələrə səfərləri, yerli mədəniyyətə marağı və insanlarla səmimi ünsiyyəti ilə digər diplomatlardan fərqlənirdi.

Məsələn, onun bəzi sosial media paylaşımlarında Gəncə ləhcəsi ilə “Ay lələ!”, “Qadan alım!” ifadələrinə yer verməsi səfirə qarşı rəğbət doğururdu.

Şotlandiyadan Bakıya uzanan yol

Fergus Stephen Auld Şotlandiya əsilli britaniyalıdır. O, 1999-cu ildə Böyük Britaniyanın Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb.


1999-2000-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması Departamentində çalışıb.

Diplomatik fəaliyyəti ərzində Tayland, Hindistan və Rusiya kimi ölkələrdə müxtəlif vəzifələrdə çalışıb.

2000-2002-ci illərdə tay dili kurslarını bitirdikdən sonra 2002-2005-ci illərdə Britaniyanın Taylandakkısəfirliyində mətbuat və ictimaiyyətlə əlaqələr üzrə ikinci katib işləyib.

2006-2008-ci illərdə Böyük Britaniya Xarici İşlər Nazirliyinin İqlim Dəyişikliyi və Enerji Departamentində çalışıb.

2008-2011-ci illərdə Britaniyanın Hindistandakı səfirliyində İqlim Dəyişikliyi və Enerji Departamentinin rəhbəri və birinci katibi olub.

2011-2014-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Moskva səfirliyində siyasi məsləhətçi işləyib.

2014-2021-ci illərdə isə Böyük Britaniya Xarici İşlər Nazirliyində müxtəlif vəzifələr tutub.

Fergus Auld 10 oktyabr 2022-ci ildə Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başlamışdı.

O, xüsusilə enerji siyasəti, iqlim dəyişiklikləri və beynəlxalq təhlükəsizlik məsələləri üzrə təcrübəli diplomat hesab olunur.


Auldun karyerasında diqqət çəkən məqamlardan biri müxtəlif dilləri öyrənməyə xüsusi maraq göstərməsidir. Fergus Auld əvvəllər rus və tay dillərini də öyrənmişdi. Azərbaycana təyin olunmazdan öncə isə bir il ərzində Azərbaycan dili hazırlığı keçib.

Gəncədə keçən altı həftə

Auldun Azərbaycanla münasibəti Bakıya səfir kimi gəlməzdən əvvəl başlayıb. O, Azərbaycan dilini daha yaxşı mənimsəmək üçün 2021-ci ildə Gəncədə bir ailə ilə altı həftə yaşayıb. Həmin dövrdə yerli müəllimlərlə dərs keçib, ailə həyatını yaxından görüb, Azərbaycan yeməklərini dadıb və gündəlik həyatda yalnız Azərbaycan dilində danışmağa çalışıb.

Beləliklə də Auld 2021-2022-ci illərdə tam ştatlı Azərbaycan dili hazırlığı keçib.

Sonralar Prezident İlham Əliyevlə görüşündə də bu təcrübədən danışaraq demişdi ki, Azərbaycanı ilk dəfə “tələbə kimi” tanıyıb və xalqımızın qonaqpərvərliyindən çox təsirlənib.

Azərbaycan dilində danışan səfir


Fergus Auldun Azərbaycanda populyarlaşmasının əsas səbəblərindən biri onun Azərbaycan dilində kifayət qədər sərbəst danışması idi. O, videomüraciətlərini, sosial media çıxışlarını və bir çox tədbirlərdəki nitqlərini Azərbaycan dilində edirdi.

2022-ci ilin oktyabrında etimadnaməsini təqdim edərkən Prezident İlham Əliyev onun Azərbaycan dilini yüksək səviyyədə bilməsini “hörmət nümunəsi” adlandırmışdı. Həmin görüşdə maraqlı bir an yaşanmışdı: Auld Azərbaycan dilində danışır, Prezident isə ingiliscə cavab verir və hər ikisi bir-birini rahat anlayırdı.

“Mən ilk dəfə Azərbaycana Azərbaycan dili tələbəsi kimi gəlmişəm. Altı həftə ərzində Gəncə şəhərində yerli bir ailə ilə yaşadım, onların yeməklərini yedim və həyatlarını paylaşdım”, – səfir Prezidentlə hımin görüşdə demişdi.

Onun Azərbaycana qarşı bu yanaşması ölkə ictimaiyyətində böyük rəğbətlə qarşılanırdı. Sosial şəbəkələrdə onu “ən səmimi səfirlərdən biri” adlandıranlar az deyildi.

Ailə həyatı və şəxsi maraqları

Fergus Auld şəxsi həyatı haqqında çox danışmasa da, bəzi müsahibələrində ailəsi barədə məlumat verib. O bildirib ki, üç yeniyetmə övladı var. Onun sözlərinə görə, uşaqları ona yeni musiqilər, texnologiyalar və müasir ideyalar öyrədir. Fergus Auldin valideynləri universitet professorları olublar.

Diplomat Azərbaycan mətbəxinə də xüsusi maraq göstərirdi. O, xüsusilə Şəki pitisini və Lənkəran turşu kababını sevdiyini dəfələrlə vurğulamışdı. Boş vaxtlarında Bakıdan kənara çıxaraq bölgələri gəzməyi xoşladığını deyirdi.

Qarabağa səfərlər və COP29 dövrü


Səfir fəaliyyəti dövründə Fergus Auld Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağa və Şərqi Zəngəzura səfərlər edib. Ağdam, Füzuli, Zəngilan və Qubadlıya getdiyini açıqlamışdı. O, mina təmizlənməsi sahəsində Böyük Britaniya ilə Azərbaycanın əməkdaşlığını da xüsusi qeyd edirdi.

Onun diplomatik missiyası dövründə ən mühüm hadisələrdən biri də COP29 oldu. Auld COP29-un Azərbaycanda keçirilməsini öz fəaliyyətinin “ən qürurlu anı” adlandırmışdı. Diplomat qeyd etmişdi ki, Böyük Britaniya bu prosesdə Azərbaycana dəstək göstərib və iki ölkə arasında strateji tərəfdaşlıq yeni mərhələyə keçib.

“Mən yad kimi gəldim, dost kimi gedirəm”


Azərbaycandakı missiyasının sonunda Fergus Auld emosional açıqlamalar da verib. O bildirib ki, Azərbaycanı tərk edərkən ən çox insanların səmimiyyətini, dağları, xalçaları, çayı, dolmanı və ləvəngini xatırlayacaq.

Onun ən yadda qalan cümlələrindən biri isə belə olub:

“Mən Azərbaycana yad kimi gəldim, ömürlük dost kimi gedirəm”.

Bu sözlər Fergus Auldun Azərbaycanda niyə fərqli diplomat kimi yadda qaldığını çox yaxşı izah edir. O, diplomatik protokoldan kənara çıxaraq ölkəni və insanları həqiqətən tanımağa çalışan nadir səfirlərdən biri oldu.


Ə.Qafarlı