Bazar günü keçiriləcək imtahanlarda 7 mindən çox şəxs iştirak edəcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi mayın 17-də ümumi (9 illik) orta təhsil
səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək.

Trend xəbər
verir ki, bu barədə DİM məlumat yaylb.

Məlumata görə, imtahanlar 13 şəhər və rayonda təşkil olunur və
7014 nəfərin iştirakı nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də:

1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;

3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən
fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün
əlavə tədris dili imtahanı;

4. Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif
səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət
edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada
iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları üçün buraxılış imtahanı.

İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış
vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

İmtahanlar saat 10:00-da başlanır.




İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də
buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar
imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün
binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlarda 7014 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 42
nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic,
eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin
rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi
zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına
görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi
nəzarətçilər təyin edilib.

Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan
rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi
əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb.

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir,
Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba
rayonlarında və Naxçıvan MR-də təşkil olunur