bp Özbəkistanda Şimali Üstyurd üzrə Hasilatın Pay Bölgüsü Sazişinə qoşuldu

Baş səhifə

bp bu gün Özbəkistan Respublikasının Şimali Üstyurd regionundakı
altı blok üzrə hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşulduğunu
açıqlayıb.

Saziş Boyterak, Terengquduq, Birqori, Xaroy, Qoraqalpoq və
Qulboy bloklarını əhatə edir.

Sazişlər Daşkənddə keçirilən “Özbəkistan Neft-Qaz Konfransı
2026” çərçivəsində Özbəkistan Respublikasının energetika naziri
Jurabek Mirzəmahmudov, “Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri
Abduqani Sanginov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və bp-nin
Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio
Kristofoli tərəfindən imzalanıb.

Özbəkistan Respublikasının energetika naziri Jurabek
Mirzəmahmudov: “Bu layihənin həyata keçirilməsi ölkələrimizin
rəhbərliyinin güclü siyasi iradəsi və hərtərəfli dəstəyi sayəsində
mümkün olub və bu səylər qlobal investorlar üçün ən açıq və şəffaf
şəraitin yaradılmasına yönəlib. bp-nin Üstyurd regionunda hasilatın
pay bölgüsü sazişinə qoşulması sadəcə bir kommersiya razılaşması
deyil, bu, beynəlxalq investorların Özbəkistanda aparılan
islahatlara və enerji sektorunun inkişafına yönəlmiş strateji
kursumuza olan inamının birbaşa göstəricisidir.”

SOCAR-ın prezidenti Rövşən Nəcəf: “Azərbaycan ilə Özbəkistan
arasında enerji sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə
verəcək bu layihə qardaş ölkələrimizin qarşılıqlı etimada, ortaq
maraqlara və uzunmüddətli strateji hədəflərə əsaslanan
münasibətlərinin bariz təzahürüdür. Uzun illər ərzində SOCAR ilə
sıx və səmərəli tərəfdaşlıq münasibətlərinə malik bp-nin bu
layihəyə qoşulması birgə səmərəli fəaliyyətin təmin olunmasına
geniş imkanlar açacaq. İnanırıq ki, SOCAR-ın və bp-nin enerji
sektorundakı zəngin təcrübəsi, eləcə də “Uzbekneftegaz”ın imkanları
və səyləri layihənin uğurla icrasına, həmçinin regionun enerji
potensialının inkişafına mühüm töhfə verəcək.”




bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Cio Kristofoli: “Uzbekneftegaz” və uzunmüddətli tərəfdaşımız olan
SOCAR ilə yanaşı Özbəkistandakı ilk layihəmizə qoşulmağımızdan çox
məmnunuq. Özbəkistanın böyük resurs potensialına malik olduğuna
inanırıq və bu layihəyə qoşulmağımızı ölkənin neft-qaz
ehtiyatlarının kəşfiyyatı və işlənməsinə dəstək olaraq region üçün
uzunmüddətli faydalar gətirmək imkanı kimi dəyənləndiririk. Bu
HPBS-yə qoşulmağımız eyni zamanda bp-nin uzunmüddətli artımına
dəstək olaraq şirkətin öz geoloji kəşfiyyat portfelini daha da
genişləndirdiyini göstərir.”

“Uzbekneftegaz” SC-nin İdarə Heyətinin sədri Abduqani Sanginov:
“bp kimi qlobal bir iştirakçının Şimali Üstyurd bloklarında geoloji
kəşfiyyat işlərinə qoşulması Özbəkistanın enerji sektorunun
investisiyalar üçün çox cəlbedici olduğunu təsdiqləyir. Əminik ki,
bizim təcrübəmizin bp və SOCAR-ın qabaqcıl texnologiyaları, bilik
və səriştələri ilə birləşməsi regionun resurs potensialının
maksimum səmərəliliklə açılmasına imkan verəcək.”

bp sazişin mövcud tərəfdaşlarının – SOCAR və “Uzbekneftegaz” SC,
hər birindən 20% iştirak payı almaqla bu HPBS-yə ümumilikdə 40%
payla qoşulub. bp-nin qoşulmasından sonra HPBS-də iştirak payları
belədir: bp – 40%, “Uzbekneftegaz” SC – 30% və SOCAR (operator) –
30%.

HPBS ilkin olaraq 24 iyul 2025-ci il tarixində SOCAR,
“Uzbekneftegaz” SC və Özbəkistan Respublikasının Energetika
Nazirliyi arasında imzalanmışdı. Hazırda layihə SOCAR-ın operator
olaraq həyata keçirdiyi seysmik tədqiqat işləri ilə öz ilkin
mərhələsindədir.