
Bakı. Trend:
Türkiyə və Ermənistan arasında birbaşa ticarətin başlanmasına
dair hazırlıqlar tamamlanıb.
Trend xəbər
verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü
Keçeli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, 2022-ci ildən bəri Ermənistanla davam edən
normallaşma prosesi çərçivəsində atılan etimad quruculuğu addımları
əsasında Türkiyə və Ermənistan arasında birbaşa ticarətin
başlanmasına dair bürokratik hazırlıqlar 11 may 2026-cı il
tarixində tamamlanıb.
Ö.Keçeli vurğulayıb ki, iki ölkə arasındakı ortaq sərhədin
açılmasına yönəlmiş zəruri texniki və bürokratik işlər isə hələ də
davam edir:
“Həyata keçirilən yeni tənzimləmə sayəsində Türkiyədən üçüncü
bir ölkəyə, oradan da Ermənistana gedən və ya eyni marşrutdan
istifadə edərək geri gələn malların son təyinat və ya çıxış
nöqtəsinin “Ermənistan/Türkiyə” şəklində qeyd olunması mümkün
olacaq”.
Sözçü qeyd edib ki, Cənubi Qafqazda davamlı sülh və rifahın
gücləndirilməsi istiqamətində yaranmış tarixi fürsətin işığında
Türkiyə bölgədə iqtisadi münasibətlərin inkişaf etdirilməsinə və
əməkdaşlığın bütün region ölkələri və xalqlarının xeyrinə daha da
irəlilədilməsinə töhfə verməyə davam edəcək.

